Vaxt.Az

“Bütün məqsədlərinə çatmağın açarıdır”


 

Putin Kurska gedib

“Bütün məqsədlərinə çatmağın açarıdır” Rusiya prezidenti Vladimir Putin təxminən 9 aya yaxın Ukrayna ordusunun nəzarətində olan bir hissəsi tamamilə geri alınan Kursk bölgəsinə səfər edib. Kremldən verilən açıqlamaya görə, Putin vilayət qubernatorunun müavini Aleksandr Xinşteynlə və bölgədəki könüllü təşkilatların nümayəndələri ilə görüşüb.

Toplantıda Kursk vilayəti könüllüləri, Rusiya Milli Tələbə Xilasetmə İttifaqı və digər təşkilatların nümayəndələri iştirak ediblər.

Könüllülərə işlərinə görə təşəkkür edən Putin, Ukrayna ordusunun İkinci Dünya Müharibəsi abidələrini dağıtmasına diqqət çəkərək, “Bu vəziyyət onların neonasist ideologiyasına sahib insanlar olduğunu söyləməyə hər cür əsas verir”, – deyib.

“Bu uşaqlar axmaqların yarışmasında belə birinci yeri tutacaqlar. Niyə? Çünki onlar axmaqdırlar. Etdikləri ilə necə insan olduqlarını göstərirlər”.

Ukraynanın Rusiya sərhədlərinə doğru irəliləmək üçün səylərini davam etdirdiyini deyən Rusiya lideri qeyd edib ki, müharibədə uğur qazanmağın açarı vətəninin ondan gözlədiyini etmək üçün insanın daxili motivasiyasıdır.

Vətəndaşların ən qısa zamanda evlərinə qayıtması üçün Kursk vilayətində minatəmizləmə qrupunun artırılması ilə bağlı göstəriş verdiyini deyən Putin bütün Rusiyanın vahid komandaya çevrildiyini vurğulayıb: "Rusiya vahid komandaya çevrilib və bu, bütün məqsədlərinə çatmağın açarıdır. Bu, bizim bütün təşəbbüslərimizin qeyd-şərtsiz uğurudur. Məqsədlərimizə çatmaq üçün bütün lazımi şərtlər bunlardır".

***

Könüllü alayların üzvləri Ukraynada və düşmən ölkələrin ərazisində dağıdılmış Rusiya abidələrinin kataloqunu təqdim ediblər.

Kataloqu araşdıran Putin, “Bunun nə üçün edildiyi çox aydındır. Kim olduğumuza, haradan gəldiyimizə dair tarixi yaddaşı silmək üçün. Bəs niyə? Gələcək olmasın deyə. Bu, həqiqətən çox sadədir. Digər səbəb isə Rusiyaya baxanların yaddaşını silməkdir”, – deyib.

Putin həmçinin Kurçatov şəhərində Kursk vilayətinin şəhər merləri ilə görüş keçirib və hazırda tikilməkdə olan “Kursk Atom Elektrik Stansiyası-2” ilə tanış olub.

Ukraynanın işğalı zamanı Kurçatov sakinlərinin soyğunçuluq hərəkətlərindən təqdirlə danışan Putin, “Afərin, heç kim qorxmadı, hər kəs öz işini gördü”, – deyib.

Ukrayna ordusu 2024-cü il avqustun 6-da Rusiyanın cənubundakı Kursk vilayətinə daxil olaraq müharibədə yeni cəbhə açdı. Ukrayna ordusu rus ordusu ilə şiddətli toqquşmaların baş verdiyi bölgədə sürətlə irəliləyib və 1268 kvadrat kilometr ərazini sürətlə nəzarətə götürmüşdü.

 





21.05.2025    çap et  çap et