Bir çox rəsmi CNN-ə bildirib ki, Tramp administrasiyasının Tehranla diplomatik danışıqlarına baxmayaraq, bu hazırlıqlar davam edir. ABŞ rəsmiləri bildiriblər ki, İsrail hələ yekun qərar qəbul etməyib və Vaşinqtonda bu ehtimalla bağlı konsensus yoxdur.
***
İsrailin necə və nə vaxt hücum edəcəyi onun ABŞ və İran arasında davam edən nüvə danışıqlarına baxışından çox asılı olacaq.
“İsrailin İrana hücumu ehtimalı son aylarda əhəmiyyətli dərəcədə artıb. Əgər Trampın təklif etdiyi saziş İranın bütün uran ehtiyatını yox etməsə, hücum ehtimalı daha da artacaq”, – məsələ ilə bağlı məlumatlı mənbə CNN-ə deyib.
ABŞ kəşfiyyatı tərəfindən ələ keçirilən İsrail ordusunun daxili mesajları ordunun hərəkətliliyini və hücum ehtimalını dəstəkləyir.
İsrailin hava sursatlarının göndərilməsi və təlimin tamamlanması kimi atdığı addımlar Vaşinqton tərəfindən diqqətlə izlənir.
***
İsrailin ABŞ-ın icazəsi olmadan belə bir hücumu həyata keçirmək imkanları məhduddur. Dərin yeraltı nüvə obyektlərini hədəfə ala bilən sursat və hava ilə yanacaq doldurma kimi logistik tələblər üçün ABŞ dəstəyi tələb olunur.
Lakin israilli bir mənbə CNN-ə deyib ki, “ABŞ qəbul edə bilməyəcəyimiz qədər zəif bir saziş imzalarsa, biz təkbaşına hərəkətə keçməyə məcbur olacağıq”.
Eyni mənbə qeyd edib ki, İsrail bu mövqeyini həm ictimaiyyət qarşısında, həm də bağlı qapılar arxasında açıq şəkildə bəyan edib.
Hazırda ABŞ və İran arasında danışıqlar İranın uranın zənginləşdirilməsini dayandırması şərti ilə ilişib qalıb.
Bu proses həm nüvə silahının yayılması riskini, həm də mülki enerji istehsalını əhatə edir. Lakin İranın ali dini lideri Əli Xameneyi ABŞ-ın tələbini “böyük səhv” adlandırıb və bu hüququn BMT-nin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi tərəfindən tanındığını deyib.