Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinə (UKHSA) görə, bu günə qədər heç bir insan infeksiyası müşahidə edilməyib və geniş ictimaiyyət üçün risk “çox aşağıdır”.
Lakin agentlik nəzarəti artırır və həkimlərə sağlamlıq problemlərinin virusla əlaqəli ola biləcəyi bəzi xəstələri sınaqdan keçirməyi tövsiyə edir.
Agentlik Qərbi Nil virusunun fraqmentlərinin 2023-cü ilin iyulunda Nottingemşirdəki bataqlıq ərazilərdən toplanmış iki qrup ağcaqanadda tapıldığını bildirib. Eyni bölgədə toplanmış 198 ağcaqanad nümunəsindən ibarət hovuzda virusun testi mənfi olub.
Böyük Britaniya Heyvan və Bitki Sağlamlığı Agentliyinin (APHA) arboviroloqu Riçard Mann Mira Çanda açıqlamasında, “Bu, Böyük Britaniyada indiyə qədər ağcaqanadlarda Qərbi Nil virusunun ilk aşkarlanması olsa da, virus artıq Avropada geniş yayıldığı üçün bu, gözlənilməz deyil”, –deyib.
Sarı qızdırma ilə eyni virus ailəsinə aid olan Qərbi Nil adətən quşlarda olur və ağcaqanad dişləməsi ilə yayılır. İnsanlar da yoluxa bilər, lakin təxminən 80 faizində heç bir əlamət yoxdur.
Virus ilk dəfə 1937-ci ildə Uqandada aşkarlanıb və Afrika, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiyada yayılmıb.
***
İqlim dəyişikliyi ilə əlaqədar isti havalar bölgəni ağcaqanadlar üçün daha əlverişli hala gətirdiyi üçün son illərdə Avropanın şimal və qərbində daha çox yayılıb.
APHA arboviroloqu Richard Mann, "Böyük Britaniyada Qərbi Nil virusunun aşkarlanması, iqlim dəyişikliyindən sonra ağcaqanadlarla yoluxan xəstəliklərin yeni ərazilərə yayıldığı daha geniş dəyişən mənzərənin bir hissəsidir”, – deyib.
Qərbi Nil virusunun daha çox yayıldığı yerlərdə insanlar yay aylarında yoluxmağa meyllidirlər. Əksər insanlarda qripə bənzər yüngül simptomlar olur. Lakin nadir hallarda bu, beyin şişməsi və ya meningit kimi nevroloji problemlərə səbəb ola bilər.
UKHSA, həkimlərə İngiltərədə aşkar edilən virus fonunda “ehtiyat tədbiri olaraq” səbəbi bilinməyən beyin şişməsi və ya ensefalit olan insanlar üzərində əlavə testlər keçirməyi tövsiyə edib.
Qərbi Nil virusuna qarşı peyvənd və ya hədəflənmiş terapiya yoxdur.
London Gigiyena və Tropik Tibb Məktəbinin tibbi entomologiya professoru Ceyms Loqan, ictimai səhiyyə və baytarlıq orqanlarını virusdan bir addım qabaqda olmaq üçün nəzarəti gücləndirməyə çağırıb.
“Bu, Böyük Britaniyanın bir vaxtlar tropik hesab edilən bəzi xəstəliklərə qarşı immunitetinin artıq olmadığını qəbul etmək üçün bir andır”, – Loqan deyib.
“Biz həşəratlar dünyasında daha ağıllı yaşamağı öyrənməli olduğumuz bir dövrə giririk”.