Vaxt.Az

Füzuli FK-nın səssiz qürubu...


 

...yaxud bir bölgə klubunun süqutu fonunda vicdanların çarmıxa çəkilmiş sınağı

Füzuli FK-nın səssiz qürubu... “Füzuli” Futbol Klubu artıq İkinci Liqada yoxdur. Turnirin son turunda “Lerik” FK-ya məğlubiyyət bu acı reallığı rəsmiləşdirdi: Klub turnir cədvəlində sonuncu yeri tutaraq Region Liqasına yuvarlandı. Əbəs yerə deməyiblər ki, bəzi məğlubiyyətlər cədvəldə yox, vicdanda yazılır.

Amma başqa pəncərədən baxanda anlayırsan ki, bu, sadəcə, bir idman nəticəsi deyil. Bu, daha çox bir rayonun öz dəyərlərinə, öz övladına sahib çıxmamasının, dəyərlərinə arxa çevirməsinin təkzibolunmaz sübutudur, illərlə çəkilən zəhmətin, mübarizənin, fədakarlığın cavabsız qalmasının nəticəsidir.

Klubun icraçı direktoru Vasif İsmayılov yeddi il ərzində insanüstü əziyyətlərə qatlaşdı. Maddi imkansızlıqlar, yuxusuz gecələr, mənəvi təklənmələr, saysız-hesabsız yoxluqlar içində “Füzuli” FK-nı yaşatmaq üçün vuruşdu.

Klub onun üçün, sadəcə, bir iş yeri deyildi - övladı kimi böyütdüyü bir dəyər idi. Lakin bu dəyər təkcə onun çiynində qala bilməzdi. Fəqət qaldı və sonda da əzildi.

“Füzuli” futbol klubunun İkinci Liqaya vida etməsi bir oyun nəticəsi deyil - bu, bir səssiz tənəzzülün, mərhəmətsiz biganəliyin, sahib çıxılmayan bir dəyərin rəsmi sonudur.

Bu, təkcə bir liqa düşməsi deyil. Bu, yeddi il boyunca Vasif İsmayılovun dostları ilə birlikdə apardığı mübarizənin ayaqlar altına atılmasıdır. Maddi çətinliklərə, mənəvi yorğunluqlara, saysız-hesabsız imkansızlıqlara rəğmən “Füzuli” FK-nı yaşatmaq üçün can qoyan, iztirab çəkən, pul xərcləyən, bu klubu övladı kimi bağrına basan bir insanın səssiz fəryadıdır bu vida.

O klub ki, ötən mövsüm çempionluğa oynayırdı - bu mövsüm autsayderlər zonasından çıxa bilmədi. Tək səbəb nəticə deyildi. Təkrar edirəm, əsas səbəb sahib çıxmayan Füzuli idi.

Həmin Füzuli ki, 250 minlik əhalisi ilə bir futbol klubunu yaşada bilmədi. Həmin rayon ki, onun tanınmış simaları, məmurları, iş adamları, ziyalıları bu klubun düşdüyü vəziyyətə susdu, sanki bu acı taleyin bir parçası deyillərmiş kimi.

Laqeydlik “Füzuli” FK-nı susdurdu. Dəstəksizlik boğdu. Biganəlik öldürdü.

Bu, təkcə bir futbol klubunun çöküşü deyil. Bu, bir inamın qırılmasıdır. Bu, “bizdən heç nə olmaz” təəssüfünün bir daha gerçəyə çevrilməsidir. Vasif İsmayılov və dostlarının üzərində daşıdığı yük təkcə klubun deyil, bütün rayonun, bütün dəyərsizləşən xəyalların yükü idi. Və o yükün altında tək buraxıldı bu fədakar insanlar.

Bu mübarizənin əsgərlərini unutmaq olmaz. Belə ki, illər ərzində klubun ayaqda qalması üçün qəlbini, ömrünü ortaya qoyan bir çox isimsiz qəhrəmanlar vardı. Baş məşqçi Xəqani Quliyev, fədakar idman və futbol dostu Şamməd Rüstəmov (Şamo), daim kluba bağlı olan həkim Vüqar Bağırov, təcrübəli və səbirli Bəşir müəllim, hər oyunu sənədləşdirən, arxivləşdirən fotoqraf Ramil… Və xüsusilə də, təvazökarlıqdan uzaq olsa da deyim ki, son iki ildə maddi sıxıntıların pik nöqtəsində, çarəsizliyin diz çökdürdüyü dönəmlərdə klub meneceri və lisenziyalaşdırma üzrə menecer yükünü qaldırmış bəndəniz və mətbuat katibi Rauf Qurbanovun əməyi, fədakarlığı misilsiz idi.

Bu insanlar bu klubun damarlarında axan qanın son damlasına qədər savaşdılar.

Bir təşəkkür də bu günə qədər bizimlə meydanlarda döyüşən futbolçularımıza düşür! Belə bir şəraitsizlikdə, ağır şərtlərdə bizim üçün, Füzuli üçün futbol oynamaq hər oğulun işi deyildi. Onlar hamısı, birilərindən fərqli olaraq, kişi oğlu kişi çıxdılar, hətta deyərdim çoxlarından!

Unutmayaq ki, bu klub Region Liqasında 5 illik gərgin mübarizədən sonra İkinci Liqada iştirak vəsiqəsi qazanmışdı.

Son iki mövsüm - biri digərindən daha çətin, daha ağır keçdi. Enişli-yoxuşlu bir mübarizə, dəhşətli maddi sıxıntılar, az qala boş ciblərlə aparılan idarəçilik, bir mövsümdə iki dəfə heyət dəyişdirmək məcburiyyəti… Bu gedişatın qarşısını almaq üçün tək iradə və inam bəs etmədi. Dəstək olmadı. Əl uzadan tapılmadı.

Uduzan təkcə Füzuli futboludurmu? Xeyr! Uduzan həm də Azərbaycan futboludur, bölgə futboludur!

Bir daha soruşuruq: bəs hardaydı Füzuli? Füzuli ictimaiyyəti? Hardaydı bu rayonun adından danışanlar? 30 il işğalda qalmış bir rayonun dəyərlərinə belə sahib çıxırsız? “Füzuli” deyəndə dili-dodağı çopurlananlar niyə itib-yoxa çıxıblar?

Dövlət strukturlarında yüksək vəzifələr tutan füzulililər, müxtəlif sahələrdə tanınan simalar, rayondan çıxmış iş adamları, ictimai xadimlər, ziyalılar - hamı susdu. Hamı baxdı. Amma heç kim görmədi, kor oldu...

Bu klubun süqutu təkcə bir idman məğlubiyyəti deyil - bu, kollektiv vicdanın uduzmasıdır.

250 minlik bir rayon bir futbol klubuna sahib çıxa bilmədisə, burada təkcə futboldan yox, həm də toplum olaraq özümüzdən danışmalıyıq. Gənclərin ümid yeri olan, Füzuli adını idmanda, milli futbolda yaşadan bir simvolun, bir VİZİT KARTIN bu qədər sahibsiz qalması bizi silkələməlidir.

Bu bir çağırışdır - gec deyil, amma az qala gecikirik. Əgər bu rayonda doğulan, bu torpaqdan çıxan, bu adla fəxr edən hər bir insan bu gün səssiz qalmağa davam edərsə, sabah yalnız “kaş”lar qalacaq.

Biz füzulililər, doğrudan da buyuq?!

“Füzuli” FK-nı yaşatmaq, sadəcə, bir klub məsələsi deyil. Bu, həm də bir kimlik mübarizəsidir. O kimlik ki, bu gün paramparça olmuş halda susur. “Füzuli” FK-nın süqutu ilə doğrudanmı bir yuxu sona çatdı?

Bu gün... bu gün təkcə bir klub deyil, bir ümid daha öldü. Amma bəlkə də bu sonluq bir başlanğıc da ola bilər – əgər eşidən, görən və silkələnən varsa...

 





21.05.2025    çap et  çap et