Vaxt.Az

20-40-40


 

İngilis ordusundan yeni müharibə strategiyası

20-40-40 Rusiya-Ukrayna müharibəsinin üç ildən artıqdır davam etdiyi bir vaxtda Böyük Britaniya ordusunun müharibədən “çıxarılan dərslər” əsasında yeni hərbi strategiya hazırladığı bildirilir. Strategiyaya əsasən, “20-40-40”, “Reaper” və “kamikadze” adlanan pilotsuz uçuş aparatlarının (PUA) Böyük Britaniya ordusunda daha böyük rol oynaması gözlənilir.

“The Times” qəzetinin eksklüziv xəbərinə görə, plan çərçivəsində “düşmən”ə qarşı çoxlu sayda PUA atıldıqdan sonra tanklar, zirehli maşınlar və hücum helikopterləri döyüş meydanına çıxarılacaq. Bildirilib ki, planda əsgər ölümlərinin azaldılması da nəzərdə tutulur.

***

Böyük Britaniyanın Müdafiə Nazirliyindəki mənbə yeni döyüş üsulunu təyin edən plan haqqında danışarkən deyib: “Bu, köhnə ağır metalları yeniləri ilə uyğunlaşdırmaq və ordunu daha ölümcül etməkdir”.

“20-40-40” planına görə, tanklar kimi bahalı və ağır texnika Britaniyanın döyüş qabiliyyətinin təxminən 20 faizini təşkil edəcək. Bunlar müharibənin daha təkmil mərhələsi başlayana qədər cəbhə xəttindən uzaqda yerləşdiriləcək.

Plana əsasən, “Challenger 3” tanklarında olan əsgərlər kamikadze PUA-lardan istifadə edəcək, digərləri isə “düşmən”ə qarşı uzaqmənzilli idarə olunan raketlər atacaq. Təmas zamanı partlayan PUA və artilleriya kimi “birdəfəlik istifadə” texnikası döyüş qabiliyyətinin 40 faizini təşkil edəcək.

“MQ-9 Reaper” kimi uzun müddət istifadə edilə bilən, ümumiyyətlə daha bahalı, lakin daha davamlı kəşfiyyat və hücum PUA-ları qalan 40 faizi təşkil edəcək.

***

Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat bölməsinin məlumatına görə, Rusiya döyüş meydanında ağır zireh əvəzinə motosikletlərdən istifadə etməyə başlayıb, çünki ukraynalılar öz pilotsuz təyyarələri ilə “çox effektiv” olublar.

Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyuk “The Times” qəzetinə deyib ki, Rusiya ilə ilkin 10-30 kilometrlik cəbhə xətti “tamamilə şəffafdır və hər iki tərəfdən pilotsuz təyyarələr tərəfindən idarə olunur”.

Qəzetin qiymətləndirməsinə görə, İngiltərənin yeni strateji planı Ukraynadakı müharibə və oradan çıxarılan dərslər əsasında formalaşıb.

 





22.05.2025    çap et  çap et