Uşqun sözcüyü haradan gəlib? Bu sözcüyü əski əlifbayla yazdıqda sorun öz özünə çözülür. Uşqun əslində Türki dilindən gəlmiş “üş gün” söz birləşiminin farslaşdırma tələffüzüdür. “Üç gün” ağız (şifahi) Türk dilində “üş gün” tələffüz olunur. Fars dillilər bu söz birləşimini “uş qun” tələffüz edib, indi də elə davam edirlər. Biz də öz tələffüzümüz olan “üç gün”ü qoyub farsca olan variantı seçmişik.
Güney Azərbaycanda bu cür tələffüz olunan sözlərimiz çoxdur. “Abacı” yerinə bu gün yanlış fars tələffüzü olan “abci”, “şüşə” yerinə “şişə”, “qala” yerinə “qələ” və s ..
Niyə “uşqun” yaxud “üç gün”? Bu bitki yağıntıların bol vaxtı olan yazın leysan (aprel) adlı ikinci ayında üç-dörd günlük yeyilə bilər olduğuna görə ata-babalarımız bu bitkiyə “üçgün” adını veriblər.
Farslar özləri bu bitkiyə rivas deyirlər.
Bu bitkinin incə qabığı soyularaq yeyilər. Dadı turşməzədir. Bəziləri düz da vurmağı sevər. Mürəbbə və şərbət hazırlayanlar da olur.
Qərədərə ilə Dərəşam adlı iki möhtəşəm təbiətə malik yerin adına “Dədə Qorqud” kitabəsində rast gəlinib.