“The Financial Times”ın əldə etdiyi təklif layihəsində sabit rüsumun məbləği açıq şəkildə göstərilməsə də, qəzetə danışan mənbələr hər paket üçün 2 avro alınmasının planlaşdırıldığını bildirib. Tənzimləmənin ən çox Asiyada yerləşən e-ticarət saytlarına təsir edəcəyi gözlənilir.
***
Avropa Komissiyasının məlumatlarına görə, təkcə keçən il 22 avrodan aşağı olan 4,6 milyard paket AB-yə çatıb. Bu rəqəm 2023-cü ildəkindən iki dəfə və 2022-ci ildən üç dəfə çoxdur. AB gömrük sistemində qeydə alınan bütün yüklərin 97 faizi kiçik paketlərdir ki, bunun da 90 faizi Çindən gətirilir.
***
Mövcud təcrübəyə əsasən, qiyməti 150 avrodan aşağı olan məhsullar gömrük rüsumundan azad edilib. Bununla belə, bu sıxlığın öhdəsindən gəlmək üçün AB Komissiyası bütün aşağı dəyərli paketlərə “əməliyyat haqqı” adlı sabit rüsum tətbiq etməyi hədəfləyir. Bu ödənişlə gömrük bölmələrinin artan iş yükünü qarşılamaq üçün resursların yaradılması nəzərdə tutulur.
Komissiya rəsmiləri bildirirlər ki, bir çox AB ölkələrində gömrük bu həcmdə paketləri lazımi səviyyədə yoxlaya bilmir.
***
AB-nin Ticarət Komissarı Maroş Şefçoviç vurğulayıb ki, bu ödəniş “vergi” deyil, “əməliyyat xərcləri”dir. Həmçinin qeyd olunub ki, birbaşa istehlakçılara deyil, logistik mərkəzlərə göndərilən məhsullar üçün 50 sentdən aşağı rüsum təklif edilib.
“Temu” və “Şeyn” hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Lakin ABŞ ilin əvvəlində oxşar tədbirlər görərək Çindən birbaşa göndərişləri daha az cəlbedici etdi.
***
Yeni tənzimləmə qüvvəyə minərsə, Avropada ucuz Çin alış-veriş dövrü əhəmiyyətli dərəcədə yavaşlaya bilər. AB Komissiyasının bu addımı həm daxili bazarı qorumaq, həm də istehlakçıların təhlükəsizliyini artırmaq məqsədi daşıyır.