Vaxt.Az

“Esequibonu geri alacağıq”


 

Maduro Qayanaya ərazi iddiası ilə çıxış edib

“Esequibonu geri alacağıq” Venesuela lideri Nikolas Maduro Qayana ilə ərazi mübahisəsinin mərkəzində olan Esequibo bölgəsinin geri alınacağını açıqlayıb. Maduro bəyan edib ki, təxminən 160 min kvadrat kilometr əraziyə nəzarət bərpa edilməlidir.

İki ölkə arasında onilliklər davam edən gərginliyin əsas səbəbi kimi Esequibo bölgəsi önə çıxır. Venesuela prezidenti Nikolas Maduro bu bölgə ilə bağlı iddiaların dəyişməyəcəyini vurğulayıb. Beynəlxalq ictimaiyyətin reaksiyasına baxmayaraq, Maduro bölgəni "tamamilə geri almaq" iradəsinin güclü olduğunu bildirib.

Dövlət televiziyası VTV-yə danışan Maduro, Esequibonu tamamilə geri alacaqlarını vurğulayaraq, “Esequibo ilə bağlı Qayanaya qarşı sahib olduğumuz tarixi, ərazi və digər hüquqlarımızı geri almaq iradəmiz sarsılmazdır”, – deyib.

Qayana hökumətini ABŞ-ın enerji şirkəti “ExxonMobil”in “əsarətində” olmaqda günahlandıran Maduro “Həqiqət həmişə qalib gəlir və biz də qalib gələcəyik”, – deyib.

Qayana prezidenti İrfaan Əli “Qayana nə indi, nə də gələcəkdə öz ərazisinin bir santimetrindən belə imtina etməyəcək”, – deyərək Maduroya cavab verib.

Əli Venesuela ilə sərhəd mübahisəsinin həllində diplomatiyanın, beynəlxalq ictimaiyyətin dəstəyinin və güclü müdafiə sisteminə malik olmağın vacibliyini vurğulayaraq, Qayananın heç vaxt ərazi bütövlüyündən güzəştə getməyəcəyini bildirib.

***

Venesuela və Qayana arasında Esequibo bölgəsi mübahisəsi Qayana müstəqillik əldə etməmişdən əvvələ gedib çıxır.

Qayana Britaniyanın müstəmləkəsi olduğu dövrdə 1899-cu il sərhəd arbitraj qərarı ilə Esequibo çayı Qayananın qərb sərhədi kimi təyin edilib.

Lakin 1966-cı ildə müstəqilliyini əldə edən və 1970-ci ildə BMT-yə daxil olan Qayana bu sərhədi tanımır və Esequibonu özününkü elan edir.

Hal-hazırda, Esequibo bölgəsi və ya Qayana Esequibo, mərkəzi Qayanada və ölkənin şimalında Esequibo çayının qərbində yerləşir.

Bölgənin təbii ehtiyatlar baxımından son dərəcə zəngin olduğu bildirilir.

 





22.05.2025    çap et  çap et