Yeni araşdırmaya görə, yüksələn maqmanın ifraz etdiyi karbon qazı ətrafdakı ağacların yarpaqlarını daha yaşıl və canlı edir. Bu dəyişikliklər artıq NASA peykləri tərəfindən kosmosdan izlənilə bilər.
Elm adamları maqmanın yer qabığına doğru yüksəldiyi zaman karbon qazı buraxdığını və bu qazı udmuş ağacların daha sürətli böyüdüyünü, yarpaqlarının daha yaşıllaşdığını bildirdilər. Bəyanatda bu yaşıllaşmanın kosmosdan aşkarlanacaq qədər fərqli bir siqnal yaratdığı da paylaşıldı.
NASA, “Smithsonian” İnstitutu, “McGill” Universiteti və “Chapman” Universitetinin mütəxəssisləri karbon qazını ölçmək əvəzinə, qazdan təsirlənən ağacları izləməyi hədəflədiklərini açıqladılar. Bildirilib ki, bu yolla təhlükəli ərazilərə getmədən məsafədən monitorinq həyata keçirilib və xərclər azaldılıb.
Etna kimi aktiv vulkanların ətrafındakı ağacların peyk analizləri ağaclardakı rəng dəyişikliklərinin həqiqətən maqmanın hərəkəti ilə əlaqəli olduğunu sübut etdi. 2025-ci ilin mart ayında baş tutan AVUELO missiyası zamanı elm adamları Kosta Rikadakı aktiv vulkanların ətrafında yerdən yarpaq nümunələri topladılar. Eyni zamanda karbon qazının səviyyəsi də ölçüldü. Tədqiqatçılar bu araşdırmanın həm ekologiya, həm də vulkanologiya baxımından yenilik olduğunu bildiriblər.
Mütəxəssislər bu üsulun hər yerdə işləməyəcəyini və hər vulkanın ətrafında meşələrin olmaya biləcəyini qeyd ediblər. İqlim, hava, yanğınlar və ya bitki xəstəlikləri kimi amillərin də məlumatlara təsir edə biləcəyi bildirilir.
NASA rəsmiləri bildiriblər ki, təkcə ağaclarda dəyişiklik kifayət olmaya bilər, lakin bu, mövcud sistemləri gücləndirən və erkən siqnallar verən bir vasitə kimi mühüm rol oynaya bilər.