Vaxt.Az

“Təbii örtük münasib qiymətə ola bilər”


 

Bunu bu işin eksperti deyir

“Təbii örtük münasib qiymətə ola bilər” Süni ot örtüyü barədə bir çox spekulyasiyalar olduğundan bu işi ən yaxşı bilən adamla danışmaq qərarına gəldim. Tanınmış mütəxəssis Fil Şarplsa qısa bir yazışmam oldu. Sağ olsun, ətraflı cavab verdi və təbii ot örtüyü ilə süni arasındakı həm ümumi, həm də xərc baxımından fərqlər barədə məlumat verdi. Sual “təbii ot örtüyü ilə süni örtük arasında xərc fərqi çox böyükdürmü” idi. Cavabı olduğu kimi sizə təqdim edirəm: “Peşəkar keyfiyyətli süni meydançanın quraşdırılmasının qiyməti təbii ot səthinin quraşdırılması xərclərini aşa, daha çox ola bilər. Bəli, quraşdırmadan sonra süninin təmir (baxım) xərcləri daha azdır. Ancaq yenə də ən azı bir işçiniz olmalıdır və örtüyün saxlanması (baxım) üçün lazımi avadanlığın alınması da tələb olunacaq. Örtük baxımsız qala bilməz, bu da pulsuz başa gəlmir.

Peşəkar futbolda təbii ot üstünlük verilən səthdir. Bunu sizə bütün peşəkar oyunçular deyəcək. Onlar keyfiyyətli təbii otda daha yaxşı çıxış edir, daha az yorulurlar və zədələnmə halları daha az olur.

Bəli, futbolda süninin də öz yeri var. FİFA standartlı örtüklər yaxşı işləyir. Bununla belə, onlar təbii ot səthini tam şəkildə təkrarlamırlar və heç vaxt təkrarlamayacaqlar. Təbii otda rezin qırıntıları yoxdur. Təbii ot örtüyü ən vacib faktordur.

Futbol komandası və klub uğur qazandıqca, kluba yüksək bacarıqlı oyunçuları cəlb etmək istəyəcəklər. Yüksək performans göstərən bir çox oyunçu plastik meydançada məşq etməli və matç oynamalı olduqlarını bilsələr, müqavilə imzalamağı təxirə salacaqlar. Adətən zədə alma ehtimalının çoxluğu səbəbindən.

Təbii meydançanın idarə olunması xərcləri plastik meydançalara nisbətən yüksəkdir. Amma bahalı futbolçuların süni örtüklərdə yorulması və ya zədələnməsi, oynaya bilməməsi də var.

Meydançaların peşəkar insanlar tərəfindən, düzgün idarə edilməsi ilə xərclər idarə oluna və çox münasib qiymətə ola bilər. Meydança olmadan heç bir matç yoxdur. Əla təbii ot örtüyü ilə futbolçular xoşbəxtdir, oyunu təhlükəsiz oynamaq olar, televizorda da əla görünür. Futbolçular oynadıqları örtükdən asılı olaraq lazımi performansı ortaya qoya bilirlər. Bu örtük ekoloji cəhətdən də, həm planetimiz, həm də ölkə üçün yaxşıdır”.

 





24.05.2025    çap et  çap et