Vaxt.Az

“Yalandır!”


 

Pentaqon iddiaları rədd edir

“Yalandır!” ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ölkə mətbuatında yer alan “Cənubi Koreyada yerləşdirilən minlərlə ABŞ əsgərinin geri çəkilməsinin nəzərdən keçirildiyi” xəbəri yalan adlandırıb.

Pentaqonun sözçüsü Şon Parnell, “X” hesabında etdiyi şərhdə, “The Wall Street Journal” (WSJ) qəzetində yer alan xəbərin həqiqətə uyğun olmadığını ifadə etdi.

Parnell ABŞ-Cənubi Koreya ittifaqının güclü olduğunu və iki ölkənin müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.

Cənubi Koreya Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, Seul və Vaşinqton qoşunların çıxarılması ilə bağlı heç bir danışıqlar aparmayıb.

ABŞ və Cənubi Koreya 2024-cü ildə müdafiə xərclərini bölüşmək üçün beş illik plan haqqında razılığa gəliblər. ABŞ prezidenti Donald Tramp Cənubi Koreyada yerləşdirilən ABŞ əsgərlərinin xərclərinin böyük hissəsini Seul hökumətinin ödəməli olduğunu bildirib.

Tramp Cənubi Koreya ilə davam edən ticarət danışıqlarında ABŞ-ın bölgədəki hərbi varlığının dəyərinin də gündəmə gələcəyini qeyd edib.

***

“The Wall Street Journal” (WSJ) qəzeti bir xəbərdə Tramp administrasiyasının Cənubi Koreyada yerləşdirilən minlərlə ABŞ əsgərini geri çəkməyi düşündüyünü yazıb.

Qəzetə danışan mənbələr Pentaqonun hazırladığı variantlardan birinin təxminən 4500 əsgərin geri çəkilməsini və Hind-Sakit okean bölgəsindəki digər bölgələrə, xüsusən də Quam adasına göndərilməsinin olduğunu bildirib.

Tramp prezident kimi ilk müddətindən bəri Cənubi Koreyada ABŞ hərbi varlığının dəyişdirilməsini tez-tez müzakirə edib. Hazırda bölgədə təxminən 28.500 Amerika əsgəri var.

 





24.05.2025    çap et  çap et