Heqsetin iki səhifəlik yeni direktivinin dərc edilməsinə səbəb “həssas məlumatları qorumaq” olub.
“Pentaqon daxilində mətbuata/mediaya giriş üçün yenilənmiş fiziki nəzarət tədbirləri” başlıqlı təlimatda Pentaqona son gizli sızmalara diqqət çəkilib və media mənsublarının Pentaqonun daxilindəki müəyyən ərazilərə, xüsusilə də Müdafiə Naziri və Baş Qərargah rəisinin yerləşdiyi bölmələrə əvvəlcədən icazə almadan və səlahiyyətli müşayiət olmadan baş çəkməsinin qadağan edildiyi qeyd edilib.
“Departament şəffaflığa sadiq qalaraq həssas məxfi milli təhlükəsizlik məlumatlarını qorumağa borcludur. İcazəsiz açıqlamalar ABŞ hərbçilərinin həyatına təhlükə yarada bilər”, – sərəncamda deyilir.
Təlimatlarda görülən tədbirlərə uyğun gəlməyən mətbuat mənsublarının kartlarının ləğv ediləcəyi xəbərdarlığı edilib, həmçinin yaxın həftələrdə Pentaqonda çalışan mətbuat mənsublarından məxfi məlumatların qorunması və əlavə təhlükəsizlik yoxlamaları ilə bağlı öhdəlikləri üçün şəxsiyyətlərinin yenilənməsini ehtiva edən yeni məlumat formasını doldurmalarının istəniləcəyi barədə məlumat paylaşılıb.
Pentaqon daha əvvəl “The New York Times”, “The Washington Post” və CNN kimi media təşkilatlarından “yeni rotasiya sistemi” tətbiqi çərçivəsində binadakı ofislərini boşaltmalarını tələb etmiş və əvəzində Tramp administrasiyasına yaxın olan “The New York Post”, “Breitbart” və “Daily Caller” kimi digər nəşrlərə yer açmaq istədiyini açıqlamışdı.