Vaxt.Az

Monakoda sürpriz olmadı


 

Poulu qazanan birinciliyi təmin etdi

Monakoda sürpriz olmadı Belə baxıram ki, Monako üçün nə edirsən – et, nə düşünürsən – düşün, xeyri yoxdur! Ya yağış yağmalıdır, ya da peletonda qüvvələr nisbəti yaxın, sıx, bərabər olmalıdır. Onsuz da bu mövsüm yarışın taleyi ya şənbə günü, ya da ilk döngədə həll olunur, Monakoda isə xüsusən.

Lando Norris daha bir arzusunu gerçəkləşdirdi – Monakoda birinci olmaq hər kəsə nəsib olmur. Britaniyalı sürücü əsas problemi şənbə günü həll etdi – sıralanmada səhvə yol vermədi və poul qazandı. Startda mövqeyini qorudu və bütün yarış boyu vəziyyətə nəzarət etdi. Mövsümdə 2-ci, karyerasında 6-cı qələbəsinə sevinən Lando çempionatda komanda yoldaşı ilə fərqi də 3 xala saldı.

Şarl Lekler finişdən sonra özü də etiraf etdi ki, yarışı şənbə günü uduzmuşdu. Startda əlindən gələni etdi - alınmadı, strategiya işləmədi, ona görə də mövsümdə 2-ci podiumla kifayətlənməli oldu. Əvəzində komandası Mühəndislər Kubokunda “Red Bull”la fərqi minimuma endirdi.

Oskar Piastri də yarışın gedişində heç nə etmədi, startda mövqeyini qorudu və mövsümdə növbəti podiumunu qazandı. Çempionatda avstraliyalı sürücünün liderliyi davam etsə də, artıq Barselonada gələn bazar hər şey dəyişə bilər.

Əlbəttə, yeni reqlamenti xeyirlərinə tətbiq edən “Racing Bulls” komandasını, onların taktikasını təkrarlayan Uilliyams komandasını da xüsusi qeyd etmək lazımdır. Günün sürücüsü isə Ayzek Həcəri seçərdim...

İmolada uğursuzluğun əvəzini Monakoda çıxmağı planlaşdıran “Mercedes” isə lap bərbad çıxış etdi. Nəticədə “Red Bull”la fərq cəmi 4 xal qaldı.

Beləliklə, mövsümün ilk üçdəbiri arxada qaldı - bu bazar bizi Barselona gözləyir: Qüvvələr nisbəti dəyişəcəkmi?

 





25.05.2025    çap et  çap et