O ocaqda Malik Əştər Nəxəinin Ələmdər ayamasıyla tanınmış Əli adlı oğlunun qəbri var. Malik Əştər Nəxəi İslamın dördüncü xəlifəsi Əlinin (ə.s.) ordu başçısı idi. Bu hesabla bu qəbrin 1300 illik tarixi var. Qəbirin orijinal daşı ərəb dilində yazılıb. Baxımsızlıq üzündən bir-iki kəlmədən başqa yazıları anlaşılmaz duruma düşüb.
Ər Ələmdar ocağının aşağısındakı kənd isə Əralan!
Ər: üst, üstün, üstdəki, yuxarı, yuxarıdakı
alan: meydan, döyüş gedən yer, tamaşa yeri
Əralan əslində “ər + alan” sözcüklərinin birləşməsindən yaranır. Coğrafi baxımdan isə bu kənd gərçəkdən Rom şəhərindəki Kalısiyum (Colosseum) yaxud “kölə döyüşçülərin” (Gladiators) savaş meydanına bənzəyir. Ata-babalarımızın inamında həq yolunda savaşmaq bir ilahi fəzilət sayılır. Onların inamında həq yolunda savaşan insan başqalarına görə üstün bir məqamda görünüb yuxarı, yüksək bir ictimai rütbə kimi sayılır. O düşüncədə “ər” sözcügü məcazi anlamda “həq yolunda savaşan igid döyüşçü” qavramındadır. “Ər” sözcügünün məcazi anlamı zaman içərisində üstünlük tapıb yayqın olduğuna görə sözcügün dəqiq anlamı kölgədə qalıb unutdurulmuş duruma düşübdür. Buna baxmayaraq “Əralan” söz birləşməsinin coğrafi, təbii durumu “ər” sözcügünün dəqiq anlamını elmi bir şəkildə isbat edir.
Türk dünyasında bütün coğrafi adlar hesab-kitab üzündən seçilmiş dəqiq anlamlı adlardır.