“Business Insider” yazır ki, Ukrayna əsgərlərinin köhnə pulemyotlarla Rusiya PUA-larını zərərsizləşdirməsi artıq mümkün deyil. Bildirilib ki, Rusiyanın PUA hücumları mürəkkəbləşib və ondan müdafiə olunmaq çətinləşib və Ukrayna qoşunlarına pulemyotlardan əlavə çiyindən atılan raketlərə ehtiyac var.
***
Aleksey adlı mobil hava hücumundan müdafiə bölməsinin komanda rəhbəri “Business Insider”ə bildirib ki, Rusiyanın pilotsuz uçan aparatlarının taktikası son aylarda dəyişib, təyyarə indi daha yüksək hündürlüklərdə işləyir və daha sürətli uça bilən dəyişdirilmiş dronlardan istifadə edir. Bu, yük maşınlarına quraşdırılmış pulemyotlarla cavab verməyə çalışan Ukrayna hava hücumundan müdafiə bölmələri üçün xüsusi çətinlik yaradır.
Məlumata görə, Rusiyanın PUA hücumlarının mərkəzində İranın layihələndirdiyi və hazırda Rusiyanın öz ərazisində istehsal etdiyi “Shahed-136” tipli PUA-lar dayanır. Bu “birtərəfli” PUA-lar saatda 185 kilometr sürətlə uça bilir və təxminən 40 kiloqram ağırlığında partlayıcı döyüş başlığı daşıya bilir.
Həmin PUA-lar qanadlı və ya ballistik raketlərdən daha yavaş və daha az öldürücüdür, lakin onlar daha ucuzdur. Beləliklə, Rusiya genişmiqyaslı hücumlarında bu PUA-lardan geniş şəkildə istifadə edə bilər.
Aleksey həmçinin qeyd edib ki, Rusiya hələ də adi “Shahed” PUA-larından istifadə edir. Lakin Moskva hazırda bu PUA-ların dəyişdirilmiş versiyasından da istifadə edir. Müvafiq olaraq, bu yeni versiyanın mühərriki PUA-nın saatda təxminən 289 kilometr sürətlə uçmasına imkan verir. PUA-ların daşıya biləcəyi partlayıcı maddələrin miqdarı da iki dəfədən çox artırılıb.
***
Hesabata görə, Rusiya həmçinin “yarmaz” PUA-lardan da istifadə edir. Yəni üzərində döyüş başlığı olmayan bu “yarmaz” PUA-ları realdan ayırmaq çox çətindir və bununla da Ukrayna hərbçiləri üçün çətinlik yaradır. Bundan əlavə, bu PUA-lar silahlı olmasa da, uzaq məsafəli kəşfiyyat fəaliyyətləri həyata keçirə bilir.
Rusiya daha əvvəl radardan yayınmaq üçün “Shahed” PUA-larından aşağı hündürlükdə istifadə edirdi. Lakin hazırda bu PUA-lar təxminən 2500 metr yüksəkliyə qalxa bilir. Bu o deməkdir ki, Ukrayna mobil bölmələrinin istifadə etdiyi pulemyotların mərmisi bu PUA-lara çata bilməz.
Aleksey izah edib ki, bu yeni taktika “Shahed” PUA-larını öz bölməsi kimi mobil bölmələr üçün əlçatmaz edir. Ukrayna qüvvələrinin hələ də bu PUA-ları vura bildiyini deyən Aleksey, zərərsizləşdirilən PUA-ların sayının azalmağa başladığını da əlavə edib.