«Media forum» saytının məlumatına görə,
partiyanın mayın 13-də qəbul etdiyi bəyanatda bildirilir ki, bir neçə ildir
hakimiyyət öz funksiyasını yerinə yetirmədiyindən Müsavat qurultayını keçirə
bilmir: «Dəfələrlə müraciət etməyimizə baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti
bizə 800-1000 nəfərin yerləşə biləcəyi zal ayırmaqdan imtina edir».
Bəyanatda deyilir ki, partiya bu il
fevralın 11-də Bakı Şəhər İcra Hakimiyyətinə beşinci dəfə müraciət etsə də,
indiyədək cavab ala bilməyib: «Partiya qurultayın keçirilməsi üçün siyasi
hakimiyyətin maneələrini aradan qaldırmaq məqsədilə məhkəməyə müraciət edib.
Mayın 12-də keçirilən məhkəmə prosesində Bakı Şəhər İcra Hakimiyyətinin
nümayəndəsi məktuba qurultayın keçirilmə günü kimi qeyd edilən vaxtdan - 24
maydan 3 gün qabaq cavab veriləcəyini bildirib».
Bəyanatda bütün bunlar qanunsuzluq,
siyasi oyunbazlıq kimi qiymətləndirilir, bildirilir ki, meriyanın cavab
məktubunu gecikdirməsini, qurultayın keçirilməsi üçün isə ən azı bir ay vaxt
lazım olmasını (başqanlığa, sərbəst Məclis üzvlüyünə və Mərkəzi Nəzarət-Təftiş
Komissiyasına namizədlərin irəli sürülməsi, namizədlərin təbliğat
kampaniyasının aparılması və başqa texniki işlərin görülməsi üçün) əsas
götürərək Müsavat Partiyası öz qurultayını iyunun 21-nə təyin edir.
Bununla əlaqədar partiya Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edəcək: «Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini bu vaxta qədər olan maneələrə son qoyaraq və verdiyi sözə əməl edərək, «Siyasi partiyalar haqqında» qanuna əsaslanaraq, 21 iyun 2014-cü il tarixdə qurultayın keçirilməsi üçün 800-1000 nəfərin yerləşə biləcəyi zal ayırmağa çağırır».