Vaxt.Az

“Yumşalma olmayacaq”


 

Səudiyyə Ərəbistanı “alkoqol qadağasının ləğv ediləcəyi” iddialarını rədd edir

“Yumşalma olmayacaq” Səudiyyə Ərəbistanı rəsmisi ölkənin 1952-ci ildən bəri qüvvədə olan alkoqol qadağasını ləğv edəcəyi ilə bağlı iddia və xəbərləri təkzib edib. Ər-Riyad 73 ildir qüvvədə olan qanunun yumşaldılacağı və spirtli içkilərə icazə veriləcəyi ilə bağlı mətbuatda yer alan xəbərlərin ardından mövzu ilə bağlı açıqlama verilib.

“Reuters” xəbər agentliyinin verdiyi məlumata görə, adı açıqlanmayan Səudiyyə Ərəbistanı rəsmisi ölkənin spirtli içkilərə qadağasını aradan qaldıracağı ilə bağlı xəbərləri təkzib edib.

Mənbəsiz xəbərlərdə 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşan Səudiyyə Ərəbistanının nəzarətli spirtli içki satışına icazə verəcəyi iddia edilib.

***

Xəbərlər Səudiyyə Ərəbistanı hökumətinin 1952-ci ildən bəri qüvvədə olan spirt qadağasını 2026-cı ilə qədər 600 turizm bölgəsində ləğv edəcəyini irəli sürüb. İddialara görə, spirtli içkilər yalnız turizm mərkəzli məkanlarla məhdudlaşdırılacaq, seçilmiş beşulduzlu hotellərdə, tətil kəndlərində və lisenziyalı obyektlərdə spirt satışı və istehlakına icazə veriləcək.

İddia edilən plan reallaşarsa, ictimai yerlər, şəxsi yaşayış yerləri və pərakəndə satış məntəqələri mövcud qadağalara məruz qalacaq. Yeni qaydaya əsasən, yalnız şərab və pivə istehlakına icazə veriləcək, sərt spirt isə “qadağan olunmuş” statusunda qalacağı deyilirdi.

***

Səudiyyə Ərəbistanında spirt qadağası 1951-ci ildə Kral Əbdüləzizin oğlu Şahzadə Mişari bin Əbdüləziz Əl-Səudun Ciddə şəhərində ziyafətdə sərxoş halda İngiltərə baş konsulunun müavini Siril Ousmanı güllələyərək öldürməsindən sonra gündəmə gəlib.

Reaksiyalardan sonra Kral Əbdüləziz 1952-ci ildə spirti tamamilə qadağan etmək qərarına gəlib.

 





26.05.2025    çap et  çap et