Vaxt.Az

Paşinyanın mövqeyi dəyişməyib


 

Ermənistan baş nazirinin Naxçıvan və Zəngəzurla bağlı fikirlərində irəliləyiş yoxdur

Paşinyanın mövqeyi dəyişməyib Nikol Paşinyan “İrəvan Dialoqu” beynəlxalq forumunda açıqlamalar verib. O bu açıqlamaları ilə nə demək istəyib?

İlk öncə qeyd etmək lazımdır ki, Paşinyan əslində yeni nəsə deməyib, onun bu açıqlaması ikitərəfli dialoqda yeni qərar vermədiyinin göstəricisidir. Paşinyanın 3 istiqamətdə qərarı dəyişməyib.

 

1. Zəngəzur dəhlizi.

Paşinyan Ermənistanın Azərbaycanın qərb rayonlarından Naxçıvana daşımaların təşkili ilə bağlı konkret təkliflər verdiyini açıqlayıb. O, bu təkliflərin rəsmi olduğunu və müzakirə olunduğunu bildirib. Paşinyan əlavə edib ki, Azərbaycan və Türkiyə ilə yolların açılması Şimalla Cənubu, Qərblə Şərqi birləşdirməyə yeni imkanlar yaradacaq. “Qatarlar gəlib pasport və sərhəd nəzarətindən keçə, Naxçıvana gedə və qayıda bilər. Bu Ermənistanın təkliflərindən biridir”.

Paşinyanın Naxçıvan və Zəngəzurla bağlı qeydləri mövzu ilə bağlı irəliləyişin olmadığını göstərir.

 

Birincisi, bu bəyanat – Üçtərəfli Bəyanata ziddir.

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda kommunikasiyaların açılması ilə bağlı müddəa çox açıq şəkildə qeyd olunub: “Ermənistan Respublikası insanların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təmin edir.”

Bu isə o deməkdir ki, Naxçıvana gedən yüklər və vətəndaşlar Ermənistan ərazisindən maneəsiz və sərbəst şəkildə keçməlidirlər. Paşinyanın pasport və sərhəd nəzarətindən keçmə tələbi isə bu prinsipə ziddir.

 

İkincisi, ”dəhliz” anlayışının deformasiyası

Paşinyan və Ermənistan rəsmiləri tez-tez “dəhliz” anlayışına qarşı çıxaraq bunun Ermənistanın suverenliyinə zərbə olduğunu iddia edirlər. Lakin Azərbaycanın istəyi sadə və beynəlxalq praktikalara uyğun bir mexanizmdir – tranzit nəqliyyatın beynəlxalq hüquqla qorunan rejimi. Bu rejimdə pasport nəzarətindən söhbət getmir. Paşinyanın təklifi əslində transit hüququnu klassik anlamda inkar edir və onu ikitərəfli sərhəd-keçid prosedurlarına çevirmək istəyir.

 

Üçüncüsü, praktik və təhlükəsizlik baxımından qeyri-effektivlik

Əgər hər bir qatar və yük kolonu Ermənistanın sərhəd və gömrük nəzarətindən keçəcəkdisə, bu: daşımaların operativliyini zəiflədəcək,

əlavə bürokratik və texniki maneələr yaradacaq, etimadsızlıq mühiti formalaşdıracaq və uzunmüddətli dayanıqlı nəqliyyat sisteminin qurulmasına zərər verəcək.

Bu mövzuda kompromiss o halda mümkündür ki, Ermənistan Azərbaycanın digər tələblərini tez bir şəkildə həll etsin. Belə olacağı təqdirdə, kommunikasiya - nəqliyyat xətti ilə bağlı ortaq məxrəcə gəlmək mümkün olacaq.

 

2. ATƏT -in Minsk qrupu və Konstitusiya.

Onun Azərbaycanla sülh sazişinin imzalanması prosesini ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasına dəyişiklik məsələləri ilə əlaqələndirməsi proseslərdə inkişaf yox, geriyə qayıdışdır. Paşinyan bildirir ki, Ermənistan Minsk qrupunun ləğv olunması ilə eyni vaxtda sülh sazişi imzalamağa hazırdır, amma bu yanaşma əslində prosesə süni şərtlər və paralel mexanizmlər əlavə etməkdir.

Ermənistan əvvəllər Minsk qrupunu “status” məsələsini gündəmdə saxlamaq üçün istifadə edirdi. İndi isə bu strukturun ləğvini müzakirə obyektinə çevirmək, sadəcə olaraq zaman udmaq və əsas məsələlərdən yayınmaq istəyir. İrəvan çox yaxşı bilir ki, təxminən gələn ildən başlayaraq ABŞ, Fransa və Rusiya Minsk qrupunun diriltmək üçün fəaliyyətə keçə bilərlər. Bu, Ermənistanın maraqlarına cavab verəcək. Ona görə məsələləri uzatmaqla bu kartı əlində saxlamaq istəyir.

Konstitusiya məsələsində də eyni qayda ilə vaxt udmaq və məsuliyyətdən yaxa qurtarmaq istəyir. Əslində isə onun məsuliyyətdən yaxa qurtarması üçün ən yaxşı yol mövzunun müzakirəsini xalqa vermək, referendum vasitəsi ilə erməni cəmiyyətinin öz gələcək aqibətlərini müəyyən etməsidir. Azərbaycanın bu məsələdə mövqeyi bəllidir -

Ermənistanın konstitusiyasında dəyişikliklər edilmədən sülh sazişi hüquqi baxımdan qeyri-müəyyən qalacaq və gələcəkdə iddiaların yenidən qayıtma riski yaranacaq.

Beləcə, Paşinyanın çıxışında guya konstruktivlik göstərilir, lakin əslində bu, siyasi manipulyasiya, vaxt udmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdidir. Minsk qrupunun ləğv edilməsi və Ermənistan konstitusiyasının dəyişdirilməsi sülhün real təminatı üçün zəruri şərtlərdir, çünki bu məsələlər Ermənistanın gələcəkdə Azərbaycana qarşı ərazi iddialarının və ya revanşist planlarının qarşısını almaq üçün hüquqi əsasları aradan qaldırır.

 





26.05.2025    çap et  çap et