Vaxt.Az

Gələcək çox tez gələcək


 

Özümü tanıyandan yazdığım kitab

Gələcək çox tez gələcək Dostlar, yeni kitabım çıxdı. İstanbulda çap olundu. İki həftədir yol gəlirdi.

Nəhayət ki, dərə-təpə aşaraq, sərhədləri keçərək Bakıya vardı.

Sabahdan etibarən “Libraf” mağazalarına, önümüzdəki günlər içində isə bütün kitab dükanlarına satışa çıxarılacaq…

“Gələcək Çox Tez Gələcək” adlı kitabı yəqin ki, elə özümü tanıyandan yazıram.

Burada yazdıqlarımla böyümüşəm, burada heyrətlənəcəyiniz fikirlər, beyinlərdəki inqilablarla yaşamışam, nələrisə anlamış, çox şeyi də qavramaq üçün hələ də yol gəlirəm.

Dərk elədiyim dərk elədiklərimin anlamadıqlarımdan qat-qat az olmasıdır…

Bir böyük karton yeşik var ki, onu Ankaradan İstanbula köçəndə üç adam zorla qaldırmışdı.

İçində minlərlə yazı, qeyd, senari, esse, radio və televiziya reportajları, Səhər, Avrasiya, Panorama, Ayna/Zerkalo, eləcədə çox sayda Türkiyə qəzetləri üçün köşə yazılarım, məqalələrim, müsahibələrim olan böyük bir arxiv.

“Kitab nə vaxt çıxır?” sualına illərdir “görək, yaxında, az qaldı, inşallah” kimi sözlərlə yuvarlaq cavablar verirdim. Görkəmli tarixçimiz, professor Solmaz Rustamova-Togidi tez-tez məni tələsdirir, “əvvəlcə təsnif etmək, arxivi “çeşidləndirmək” lazımdır” deyə tövsiyyə edirdi.

Keçən ilin noyabr ayında əziz Solmaz xanımın bu sözlərini görkəmli alim, dəyərli dostum, akademik Rafael Hüseynova danışdım. O da sərt bir ifadə ilə “Çox doğru deyir, Solmaz xanım. Ancaq sən bu təsnifatı edən deyilsən, gətir yeşiyi Bakıya özüm elətdirəcəm” dedi.

İstanbula qayıdan kimi arxivi açdım…

Gördüyünüz bu kitabın çapa hazırlıq və çap etapı bax belə başladı.

Bir neçə dostum kitaba ön söz yazmaq istədi, ancaq Rafael müəllim o əziyyəti üzərinə götürdü.

Kitabda da yazmışam, Rafael müəllimin tələbkarlığı, zabitəsi olmasaydı yəqin ki, “gələcək hələ bir az gec gələcəkdi”.

Rafael müəllimə xüsusi təşəkkür etməyi özümə borç bilirəm.

“TEAS Press” nəşriyyat evinə, onun CEO-cu Nicat İbrahimova və prnsipiallığı, intizamı, gördükləri işə olan sevgiləri ilə seçilən yaradıcı vı texniki heyətə mütəşəkkirəm.

Kitabın redaktoru dəyərli Famil Ceferli Ana dilimizə həssas münasibəti, texniki redaktoru əziz Vüsalə Babayeva, kitabın art-direktoru qiymətli Sevinc Alekperova və digər çalışanlar –“Kitab adamlar” olmasaydı bu kitab belə nəfis şəkildə ortaya çıxmazdı.

Kitabı əlinizə alanda onun üzərində nə qədər iş aparıldığına əminəm ki, siz də şahid olacaqsız…

Dahi Borxes “Tlön, Ukbar, Orbis Tertius” adlı hekayəsində belə yazır: “Təbii olaraq bütün əsərlər ancaq bir müəllifin – zaman xaricində olan və imzasız birinindir”.

Görkəmli mistifikatora görə bütün bədii əsərlər əslində bir “universal müəllif”in əsərləridir. Bu müəllif zaman xaricindədir, yəni müəyyən bir dövrə, mədəniyyətə və şəxsə aid deyil. Borxes burada deyir ki, yazarlar daha çox kollektiv yaddaşın, miflərin, arxetiplərin daşıyıcısıdırlar. Onlar yalnız bir “mənbədən” gələn ideyaları yenidən ifadə edirlər.

Bu günün sevincini siz dəyərli dostlarla bölüşərkən Borxeslə bitirmək istədim. Çünki mən də sıravi bir dünyalıyam və özümü böyük bir müəllif kimi yox, sadəcə daşıyıcı, gördüyümü, bildiyimi, anladığımı paylaşan biri olaraq görürəm.

Ümid edirəm ki, kitabı oxuyacaq və bəyənəcəksiniz.

Çox sağ olun…

 





26.05.2025    çap et  çap et