Soruşuruq: bu cür sualları səsləndirənlərin nəzərində Tanrı nədir? Tanrı haqqında primitiv təsəvvür, şübhə yox ki, primitiv, o cümlədən yuxarıdakı sualları doğuracaqdır. Bu baxımdan tanrılıq anlayışının xarakterik əlamətləri, xüsusiyyətləri olmalıdır ki, zehinlərdə düzgün təsəvvür formalaşsın. Quran mətnini – vəhydən yer üzündə qalan bu yeganə hissəni təhlil etdikdə görürük ki, Tanrı anlayışı üç elementdən təşəkkül tapıb:
1. Tanrı transsedentaldır, yəni hər şeyin fövqündədir; fövqəlvarlıqdır; heç nəyə oxşar deyildir; bütün varlıq kateqoriyalarından kənardır; təsəvvür və varlıq aləmindən asılı deyildir. Bu baxımdan yaradılması, harada olmağı, nəyəsə gücünün yetib-yetməməyi ilə əlaqəli suallar yersizdir. Çünki yaradılma, yerləşmə və gücün yetib-yetməməyi kimi suallar fiziki-rasional dünya və varlıq kateqoriyaları üçün doğrudur.
2. Tanrı transsedental olduğu üçün zəruri varlıqdır, yəni var olmağında hansısa səbəbə möhtac deyildir; əks halda, adi varlıq kateqoriyalarından birini təmsil edərdi. Zəruri varlıq olmaq Tanrının mahiyyəti üçün labüd şərtdir (conditio sine qua non).
3. Tanrı fövqəlvarlıq olduğu üçün bütün varlıq kateqoriyalarının səbəbidir, deməli, yaradandır, başlanğıcı, ibtidanı, mənşəni müəyyən edib meydana gətirəndir. Tanrı – yaradan, təbiət və kainat isə yaradılandır, – bu, Tanrıyla təbiət arasındakı fundamental fərqdir. İbtidanı materialistcəsinə öyrənmək məsələni qəlizləşdirir, açıq-aydın izahlardan bizi məhrum buraxır; elm hələ də müəyyən edə bilməyib ki, cansız materiyadan həyat necə yaranıb; replikator necə meydana çıxıb; genetik modellərin yaranmasından qabaq informasiya bir orqanik nəsildən digərinə necə ötürülüb; varlıq formalarını tənzimləyən fizika qanunları varolmanın hansı mərhələsində, hansı replikatorun təsiri ilə meydan çıxıb və s. Bəli, bu gün elm – fizika, kimya, biologiya... mənşənin qaranlıq və sirli labirintində itib-batmışdır. Əgər biz bu gün bu suallara elmə layiq şəkildə cavab tapa bilmiriksə, yəni elm yoxluqdan (ex nihilo) varlığın necə yarandığını heç cürə izah edə bilmirsə, ağıllı insanın yaradılışla bağlı teist müddəanı inkar etməsi kənardan qəribə görünərdi. Biz bir zavod inşa etmək istədikdə əvvəlcə bünövrəni qazırıq, - bu, adi görünə bilər. Amma sonradan tikilənlər intellektual mühəndisdən – dizaynerdən xəbər verir. Bioloji məlumat daşıyıcısı DNT üçün də eyni şeyi söyləmək mümkündür. DNT-nin kortəbii bioloji proseslərin deyil, şüurlu dizaynerin məhsulu olması ideyası daha ağlabatandır, daha məqbuldur.
Bir sözlə, Tanrı yuxarıdakı xüsusiyyətlərə sahib varlıqdır. Əks halda, nisbi, profan, yaradılmış təbiətə (natura naturata) malik varlığı xatırladar, fövqəladəliyini, fövqəltəbiiliyini itirərdi.