Vaxt.Az

“Sağ qalmağın yolunu tapacağıq”


 

İran Prezidenti: “Yeni sanksiyalar tətbiq olunsa belə, Tehran qətiyyətli olacaq”

“Sağ qalmağın yolunu tapacağıq” İran prezidenti Məsud Pezeşkian bu gün ABŞ prezidenti Donald Trampın İranla son danışıqları “çox yaxşı” adlandırmasından sonra ABŞ-la danışıqlar aparılmasa və yeni sanksiyalar tətbiq olunsa belə, İran yoluna davam edəcəklərini bildirib. “Əgər onlar bizimlə danışıqlar aparmaqdan və ya bizə qarşı sanksiyalar tətbiq etməkdən imtina etsələr, biz aclıqdan ölməyəcəyik. Biz sağ qalmağın yolunu tapacağıq”, – Pezeşkian deyib.


İran nüvə proqramı ilə bağlı ABŞ-la razılığa gəlmək üçün uranın zənginləşdirilməsini dayandırmağı istisna edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi rəsmi Tehranın uranın zənginləşdirilməsinin müvəqqəti dayandırılmasını ABŞ-la nüvə razılaşması üçün şərt kimi qəbul etməyəcəyini bildirib və əlavə edib ki, Vaşinqtonla danışıqların altıncı raundu üçün hələlik tarix təyin olunmayıb.

Tehran bəzi ABŞ rəsmilərinin tələb etdiyi kimi “uranın zənginləşdirilməsinin qarşısının alınması” məsələsinə danışıqlarda “qırmızı xətt” kimi baxır.

Bekayi deyib ki, Tehran İranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlarda vaxt itirmək istəmir və ciddi şəkildə “ədalətli və real” razılaşma əldə etməyə çalışır.

Bekayinin şərhləri Böyük Britaniya, Almaniya və Fransa rəsmilərinin ABŞ prezidenti Donald Tramp administrasiyasının İranın nüvə proqramı ilə bağlı davam edən danışıqlarda ləngimə taktikalarından istifadə etdiyi və razılaşma əldə olunmadığı təqdirdə İrana qarşı sanksiyalar tətbiq etmək cəhdlərini əngəlləmək məqsədi daşıdığı barədə xəbərdarlığından sonra gəlib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsraili ABŞ-la danışıqlara dair “bütün yalan şayiələrin” arxasında durmaqda ittiham edib və onun hazırkı diplomatik prosesi sabotaj etməyə çalışdığını bildirib.

Uranın zənginləşdirilməsinin “Tehranın nüvə proqramının ayrılmaz hissəsi” olduğunu vurğulayan Bekayi Tehranın nüvə enerjisindən hərbi məqsədlər üçün istifadə etmək istəmədiyini vurğulayıb.

 





26.05.2025    çap et  çap et