Bakı sakini Mahir Əzizov «Azadlıq»
radiosunun «Qaynar xətt»inə zəng vuraraq şikayət edib ki, yerli icra
hakimiyyəti keçmiş Malakan bağının yaxınlığında – Üzeyir Hacıbəyov küçəsi, 7
saylı ünvanda yerləşən obyektini sökür: »Obyekt binanın girişində yerləşir.
Sahəsi 20 kvadratmetrdir, ikiotaqlıdır, ofis kimi istifadə edirəm. Əvvəllər
yerində yaşayış evi olub və bir erməni ailəsi yaşayıb. 1988-ci ildə ailə köçüb
gedəndən sonra ev sökülüb, boş torpaq qalıb. Atam həmin yeri icra
hakimiyyətinin sərəncamı ilə alıb və otaq tikib. 1995-ci ildə otaq yaratdığımız
MMC-nin tərkibinə verilib. Sərəncamı təzələnib. Otağın texniki pasportu da
var».
Mahir Əzizov deyir, obyekti sökdürən
həmin binada yaşayan bir vəzifəlidir: »Yuxarı mərtəbədə Hacıbala Abutalıbovun
köməkçisi yaşayır. Əvvəldən mənimlə yola getmir. Tez-tez qulağıma çatırdı ki,
ofisimi sökdürəcək. Ancaq inanmırdım. 20 gün əvvəl 5 saylı MİS-in işçiləri mənə
deyəndə ki qonşulardan şikayət var, ofisi sökəcəklər, yenə inanmadım. Ən azı o
vaxt inanardım ki, mənə bu barədə yazılı xəbərdarlıq edəydilər. Rəsmi
xəbərdarlıq olmadığına görə, bu söhbətə qeyri-ciddi yanaşdım».
Mayın 13-də səhər qapının qarşısını
yerli icra hakimiyyətinin işçilərinin kəsdirdiyini görəndə isə ofis sahibi başa
düşüb ki, söhbət ciddidən də ciddidir: »Özləri ilə bir «KamAZ» gətiriblər.
əşyaları necə gəldi daşıyıb atırlar yük yerinə. Kondisioner, kompüter,
stol-stullar... Heç akt da tərtib etmirlər. Yiyəsiz malı kimi daşıyıb atırlar
maşına».
Səbayel rayonu, 5 saylı MİS-in rəisi
Xamis Əliyev «Qaynar xətt»ə bunları dedi:
- Harada sökülür? Kim sökür?
- Üzeyir Hacıbəyov küçəsi, 7 ünvanda...
- Məlumatsızam...
- Ora sizin ərazidir?
- Bəli.
- Bəs necə məlumatsız ola bilərsiniz?
İcra hakimiyyətinin işçiləri sökür. Texnika gətirilib...
- Məlumatsızam...
Obyekt sahibi Mahir Əzizov isə deyir,
icra hakimiyyətinin işçilərini əraziyə MİS rəisi özü gətirib. Söküntü işi də
onun nəzarəti altında aparılır: »Bütün günü söküntüyə nəzarət edir. Deyirəm, bu
söküntü qanunsuzdur. Deyirlər mən kiməm ki... Yuxarıdan göstəriş gəlib».
Hüquqşünas Namizəd Səfərov deyir ki, hər
hansı tikilinin sökülməsi yalnız məhkəmə qətnaməsi ilə mümkündür: »Hətta
özbaşına tikilini də məhkəmə qətnaməsi olmadan sökmək qanunsuz hərəkətdir».
Mahir Əzizov əmlak hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə müraciət edəcəyini deyir.