Xarici KİV-in yazdığına görə, əvvəlcə Azərbaycan Pakistan və Çin istehsalı olan bu müasir çoxməqsədli təyyarələrdən 16 ədəd almaq üçün müqavilə bağlayıb. Lakin təsdiqlənməmiş mənbələr sifarişin 40 qırıcıya qədər artırıla biləcəyini bildirir.
Məlumatlara görə, sövdələşmənin ümumi dəyəri 4,2 milyard dollar təşkil edir.
“JF-17 Thunder Block III” qırıcılarının alınması ilə bağlı ilkin razılaşma 2024-cü ilin fevralında rəsmiləşdirilib və həmin ilin oktyabrına qədər onların Azərbaycanın Hərbi Hava Qüvvələrinin tərkibinə inteqrasiyası təsdiqlənib. “The Defense Post”un yazdığına görə, 1,6 milyard dollar dəyərindəki bu müqavilə, Azərbaycanın hərbi potensialının xüsusilə də hava gücünün modernləşdirilməsi yolunda mühüm addım olub.
“JF-17” qırıcıları mövcud aviaparkı əvəz etmək üçün deyil, Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətini artırmaq məqsədilə nəzərdə tutulub. Azərbaycan tarixən Sovet dövrünə aid MiQ-29 və Su-25 kimi qocalmış təyyarələrdən istifadə edib. Bu köhnə platformalar hələ də istifadəyə yararlı olsa da, “JF-17 Block III”un təqdim etdiyi qabaqcıl avionika, silah sistemləri və çoxməqsədlilik imkanlarından məhrumdurlar.
Pakistan Aerokosmik Kompleksi və Çin Xengdü Təyyarə Sənayesi Qrupu tərəfindən hazırlanmış “JF-17”, “F-16” və ya “Eurofighter Typhoon” kimi bahalı Qərb təyyarələrinə nisbətən daha sərfəli alternativdir. Bundan əlavə, təyyarənin Türkiyənin qabaqcıl “hava-hava” raketləri olan “Gökdoğan” və “Bozdoğan” da daxil olmaqla geniş sursat spektri ilə uyğunluğu, onu Azərbaycan üçün daha da cəlbedici edir.