Azərbaycanda futbola olan sevgi şəksizdir, bunu Türkiyə və başqa Avropa futbol çempionatlarında özlərinə komanda seçib süni həyəcan yaşayan azarkeş seqmentinin varlığı da sübut edir. Amma nədənsə bu seqment milli çempionata gələndə yoxa çıxır. “Qalatasaray”a, “Fənər”ə, “Nottinqem Forest”ə görə özünü “öldürən”, keçirdiyi bu əzab-əziyyətə görə virtual şəhvətdən başqa bir xeyir görməyən azarkeş evindən 100 metr aralıda yerləşən komandanın oyununa biganədir. Bunun isə bir sıra obyektiv və subyektiv səbəbləri var. Başlayaq ondan ki, azarkeşləri buna görə qınamaq doğru deyil. Çünki, Lənkəranda, Qusarda, Tovuzda, Gəncədə stadionlar hər zaman dolu olub və bu şəhərin camaatında öz komandalarının təəssübkeşliyi ən yüksək səviyyədədir. Deməli, məsələ, azarkeşin olmamasında deyil. Biz futbolu düzgün yerdə oynamırıq. Harada futbol lazımdır, orada futbol yoxdur, harada futbol lazım deyil, orada futbol oynayırıq. Nəticədə də, azarkeş biganəliyi yaranır. Götürək premyer-liqanın bu ilki mükafatçılarını. “Qarabağ“ son illərin nəticələri ilə çoxlarının rəğbətini qazansa da, bir Ağdam klubudur. İllərdir ki, Bakıda oynayır. Bir bakılı hansı səbəbdən Ağdamın klubu üçün təəssübkeşlik etməlidir. Bu bir bursalını “Qalatasaray”a azarkeşlik etməyə məcbur etmək kimi bir şeydir. Bu səbəbdəndir ki, ümummilli təəssübkeşlik naminə “Qarabağ”ın beynəlxalq oyunlarına dəstək verirlər, amma bakılıların, suraxanılıların “Qarabağ”ın oyununa gəlməsi üçün heç bir maddi və mənəvi maraq yoxdur. İkinci yerdə olan “Zirə”dən isə danışmağa dəyməz. Bu kənd ilə heç bir tarixi, mənəvi bağları olmayan bir komanda yığıb legionerləri doldurub, pulları sağa-sola səpələyərək ölkə ikincisi olmaqla bir zirəlini niyə sevindirsin ki? Bir zirəlinin klubun maddi gəlirindən bəhrələnmədiyi halda, ona niyə maddi dəstək versin ki? “Zirə” qazandığı və xərclədiyi pullardan zirəlilərin rifahı üçün hansı işləri görüb? Bir izmirli “Göztəpə”nin oyununa gəlir, pul xərcləyir, çünki, bu klubun uğuru onun şəhərinin iqtisadi durumuna da, təsir edir. “Zirə” klubunun bu qəsəbədə varlığı stadiondakı süni ot kimi bir şeydir. “Araz-Naxçıvan” klubu isə rayonlardan iş dalınca Bakıya axışıb gələn bir seqmenti xatırladır. Bakılı niyə gedib Naxçıvan klubuna öz emosiyalarını xərcləməlidir?! Bu klub Naxçıvanda yerləşsəydi, heç şübhəsiz yerli camaat digər bölgələrlə qarşıdurmaları böyük həvəslə izləməyə gələrdilər. Təəssüflər olsun ki, futboldakı ümumi maliyyə siyasəti Əlinin papağını Vəlinin, Vəlinin papağını da Əlinin başına geyindirib. Bunun səbəbini hər kəs bilir. Məsələ, maliyyə siyasətindədir. Biri də var, Pirvəlinin papağı. Bu da “Qəbələ”yə aiddir. Bu rayonun camaatının doğma klublarına hədsiz biganəliyi illərdir ki, davam edir. Klubun ən uğurlu illərində belə rayon camaatı bu komandaya ögey uşaq münasibəti göstəriblər. Bunun da səbəbi yuxarıda qeyd etdiyimiz amillə bağlıdır. Harada futbol lazım deyil, gedib orada oynayırlar. Rayon camaatı anlamır ki, belə bir komandanın orada olması, orada oynaması oranın rifahı ilə birbaşa bağlıdır. Əksinə, azarkeşliyi elə səviyyəyə qaldırmaq olardı ki, komandanı ümumiyyətlə orada saxlamaq olardı, baxmayaraq ki, “Qəbələ” öz şəhərində mümkün qədər çox vaxt keçirən komandalardandır və rayonla bağlı sosial layihələr də həyata keçirib. Amma ögey övladı sevməmək də bir xüsusiyyətdir.
Bütün bunlardan belə qənaətə gəlmək olar ki, düzgün siyasət nəticəsində bizdə də “Göztəpə” oyunundakı abı-havanın heç olmasa yarısını yaratmaq olar. Amma görünən odur ki, prioritet azarkeşlərin stadiona cəlb olunması deyil. Köhnə futbolçular arasında məşhur olan bir ifadə var: “peraşki dövrü”. Bax bu “peraşki dövründə” pul yox idi, amma stadionlar adətən dolu olurdu. Çünki, futbolu harada sevirdilər, orada oynayırdılar. Amma pul olan dövr gələn kimi “süni mayalanma” prosesi başlandı. Ortaya süni yaranan klublar çıxdı. Futbol ənənələri olan bölgələr isə unuduldu.