Vaxt.Az

ABŞ üçün qiyamət ssenarisi


 

Sonuncu dəfə 325 il əvvəl baş verən meqa sunami yoldadır?

ABŞ üçün qiyamət ssenarisi Amerikalı geoloqlar yaxın 50 il ərzində Şimali Amerikanın qərb sahillərini vura biləcək nəhəng “meqa-sunami” barədə xəbərdarlıq ediblər. Araşdırmalara görə, 300 metri keçən dalğalar milyonlarla insana təsir edə bilər və sahilyanı şəhərlər bir neçə dəqiqə ərzində su altında qala bilər.

Virciniya Texnologiya Universitetinin alimləri tərəfindən hazırlanan və PNAS (Proceedings of the National Academy of Sciences) jurnalında dərc edilən yeni araşdırmaya görə, Şimali Vankuver adasından Kaliforniyaya qədər uzanan Kaskadiya subduksiya zonasında güclü zəlzələ ehtimalı 15 faiz səviyyəsindədir.

Mümkün 8,0 bal gücündə zəlzələ böyük şəhərləri, xüsusən də Sietl və Portlendi məhv edə bilər. Zəlzələ təkcə sunamiyə səbəb olmayacaq, həm də sahilyanı ərazilərdə torpaqların 2 metrə qədər çökməsinə gətirib çıxara bilər.

Normalda bir neçə metr hündürlükdə olan sunamilərdən fərqli olaraq, meqa sunamilər yüzlərlə metr hündürlüyə çata bilər. Bu cür hadisələr çox vaxt kütləvi sürüşmələr və ya böyük zəlzələlər nəticəsində baş verir və onların təsirləri iqlim dəyişikliyi kimi tədricən deyil, ani və dağıdıcı olur.

Elm adamları, “Belə bir hadisə bir neçə dəqiqə ərzində baş verəcək və heç bir uyğunlaşmaya və ya qaçmağa imkan verməyəcək”, – xəbərdarlığını edib.

***

Tədqiqat zamanı Vaşinqtonun cənubu, Şimali Oreqon və Kaliforniyanın şimal sahillərinin ən yüksək risk altında olduğu bildirilib. Bununla belə, Alyaska və Havay kimi daha uzaq ərazilər də seysmik və vulkanik təbiətlərinə görə təsirlənə bilər.

“Virginia Tech”in geologiya professoru Tina Dura, “Kaskadiya qırağında baş verən böyük zəlzələdən sonra sahilyanı daşqın düzənliyi kəskin şəkildə genişlənə bilər. Bu, regional bərpa prosesini əhəmiyyətli dərəcədə uzadar”, – deyib

Kaskadiya qırağında sonuncu güclü zəlzələ 322 il bundan əvvəl, 1700-cü ildə baş verib. Belə uzun sükut o deməkdir ki, qırılmada çoxlu enerji yığılıb. Ekspertlərin fikrincə, bu susqunluğun sonu şiddətli və qəfil ola bilər.

 





27.05.2025    çap et  çap et