Vaxt.Az

“Heç bir siyasi reaksiya görmədik”


 

Zərərçəkənlər 299 uşağa cinsi təcavüzdə ittiham olunan cərrahın məhkəməsindən narazıdır

“Heç bir siyasi reaksiya görmədik” Fransada 299 uşağa cinsi zorakılıq etdiyi üçün mühakimə olunan keçmiş cərrah Coel le Skoarnekin məhkəməsi başa çatmaq üzrədir. Yekun qərarın mayın 28-də keçiriləcək iclasda açıqlanması gözlənilir.

Hüquq müdafiəçiləri prosesə mediada lazımi diqqət yetirilmədiyini və dövlətin qabaqlayıcı addımlar atmadığını bildirir.

Uşaq ikən həkimlər tərəfindən zorakılığa məruz qalanların çoxu anonimlik hüququndan imtina edərək, ictimaiyyətin diqqətini bu işə cəlb etməyə çalışır.

Hazırda 31 yaşında olan Nikolas Qurle deyir ki, 2006-cı ildə kistadan əməliyyat olunduqdan sonra hücuma məruz qalıb: “İşlər dəyişməlidir ki, daha le skoarneklər olmasın”.

11 yaşında həkim tərəfindən zorlandığını açıqlayanlardan biri olan Manon Lemuan lazımi addımların atılmadığını iddia edib: “Heç bir şey edilmir. Bir dənə də olsun siyasi reaksiya görmədik”.

Zərərçəkənlər hökumətin xüsusi komitə yaratmasını və uşaqlara qarşı cinsi istismara qarşı tədbir görməsini gözləyirlər.

Coel le Skoarnek 1989-2014-cü illər arasında 299 uşaq xəstəyə təcavüz və zorakılıq etdiyi iddiası ilə mühakimə olunur. Fevralın 24-də Brittani ştatının Vannes şəhərindəki Morbihan Cinayət Məhkəməsində başlayan məhkəmə prosesi davam edir.

Üç aydan artıqdır davam edən məhkəmə prosesi nəticəsində cərraha 20 ilə qədər həbs cəzası verilə bilər.

Qonşular 2017-ci ilin aprelində Coel le Skoarnekə qarşı şikayət edərək, onun 6 yaşlı uşağa cinsi zorakılıq göstərdiyini iddia ediblər.

Həmin ilin mayında saxlanılan Skoarnek törətdiyi cinayəti etiraf edib.

Coel le Skoarnekin evində axtarış zamanı polis 300 mindən çox pornoqrafik foto və video, habelə onun müayinələri zamanı törətdiyi cinayətlər haqqında saxladığı dəftərlər tapıb.

Cərrah 2020-ci ildə iki qardaşı oğluna, bir xəstəyə və qonşusuna qarşı cinsi istismara görə 15 il həbs cəzasına məhkum edilib.

Fəallar onu da vurğulayırlar ki, 2005-ci ildə uşaq pornoqrafiyasına sahib olduğu üçün 4 aylıq şərti həbs cəzası alan Coel le Skoarnekə kifayət qədər diqqət göstərilsəydi, bu qədər çox adam zərər çəkməzdi.

 





27.05.2025    çap et  çap et