Yanvar ayında Ağ Evə qayıtdıqdan sonra Tramp ABŞ-ı ballistik və qanadlı raketlər kimi hava təhdidlərindən qorumaq məqsədi daşıyan proqrama üstünlük verib. Planın həyata keçəcəyi təqdirdə, kosmosda sensorlar və durdurma mexanizmlərinin də olacağı ehtimalı var.
Keçən həftə Tramp deyib: ““Qızıl qübbə” tam tikildikdə, hətta dünyanın o biri tərəfindən və hətta kosmosdan buraxılsa belə, raketləri məhv etmə gücünə sahib olacaq. İndiyə qədər qurulmuş ən yaxşı sistemə malik olacağıq".
Buna cavab olaraq Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ-ı kosmosu hərbiləşdirməkdə ittiham edən memorandum yayımlayıb.
Koreyanın dövlət mərkəzi xəbər agentliyinə (KCNA) görə, Trampın planı “kosmosun potensial nüvə döyüş meydanına çevrilməsi” riski ilə bağlı xəbərdarlıq edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ proqramının kosmosun müharibə zonasına çevrilməsi riskini artırdığını, silahlanma yarışını alovlandırdığını və beynəlxalq təhlükəsizliyə xələl gətirdiyini deyib.
“Biz ABŞ-ı qlobal raket əleyhinə müdafiə sisteminin yaradılmasından və yerləşdirilməsindən dərhal imtina etməyə çağırırıq”, – sözçü bildirib.
Tramp vurğulayıb ki, ABŞ düşmənlərinin təhdidləri fonunda müdafiə qabiliyyətini artırmalıdır.
ABŞ prezidenti “Qızıl qübbə” proqramının 2029-cu ildə səlahiyyət müddətinin sonuna kimi fəaliyyət göstərə biləcəyini bildirib.
Bununla belə, ekspertlər bu təşəbbüsün tamamlanmasının illər çəkə biləcəyini deyirlər. Belə bir təşəbbüsün baha başa gəlməsi ilə bağlı narahatlıqlar da var.
Tramp bütün layihənin 175 milyard dollara başa gələcəyini iddia etsə də, Konqresin Büdcə İdarəsi bu ay bildirib ki, təkcə “Qızıl qübbə”nin kosmosa əsaslanan komponentləri növbəti 20 il ərzində ölkəyə 542 milyard dollara başa gələ bilər.