Ölkənin şərqindəki Şandunq əyalətində kimya fabrikində güclü partlayış nəticəsində azı 5 nəfərin öldüyü, 19 nəfərin yaralandığı deyilir. Səlahiyyətlilər 6 nəfərin itkin düşdüyünü bildirib.
Çin dövlət televiziyası CCTV-nin məlumatına görə, partlayış bu gün yerli vaxtla günorta saatlarında baş verib. Partlayışın baş verdiyi ərazidən qara tüstünün qalxdığı görülüb. Partlayış o qədər güclü olub ki, fabrikdən 3 kilometr aralıda yerləşən anbarın şüşələri uçub.
***
Ərazidə yaşayan və adının açıqlanmasını istəməyən şəxs partlayışdan evinin də silkələndiyini bildirib. Kişi nə baş verdiyini görmək üçün pəncərəyə tərəf getdiyini və 7 kilometr aralıda olan zavod ərazisindən qara tüstünün qalxdığını gördüyünü deyib.
Partlayış Veyfan şəhərindəki “Gaomi Youdao” kimya fabrikində baş verib. Bildirilib ki, sözügedən fabrikdə kənd təsərrüfatı kimyəvi maddələrlə yanaşı, tibbi istifadə üçün kimyəvi maddələr də istehsal edilib. Rəsmi məlumatlara görə, fabrikdə 500-dən çox insan çalışır.
CCTV partlayışdan sonra xilasetmə qruplarının hadisə yerinə göndərildiyini göstərib. Yerli yanğınsöndürmə xidməti hadisə yerinə 230-dan çox yanğınsöndürən göndərib.