Vaxt.Az

«Azərsu» nə məhkəməni sayır...


 

.. Nə də vətəndaşlara dəymiş ziyanı ödəyir

«Azərsu» nə məhkəməni sayır... «Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi zamanı torpaq mülkiyyətçilərinə dəymiş zərərin müəyyənləşdirilməsi üçün Yasamal Rayon Məhkəməsi tərəfindən ekspertiza təyin edilib.

Ekspertiza isə mülkiyyətçilərə ziyan dəydiyini müəyyənləşdirib. Lakin «Azərsu» torpaq mülkiyyətçilərinə dəyən ziyanı ödəməkdən hələ də imtina edir».

Bunu virtualaz.org saytına vəkil Azər Quliyev bildirib.

Vəkilin sözlərinə görə, hazırda Yasamal Rayon Məhkəməsində, eləcə də Şəki İnzibati İqtisad Məhkəməsində torpaq mülkiyyətçilərinin iddia ərizəsinə baxılır: «Kəmərin çəkilişi nəticəsində ümumilikdə 3250 torpaq mülkiyyətçisinə 1 milyon manatdan artıq ziyan dəyib. Lakin mülkiyyətçilərə dəyən zərər 4 ildir ki, ödənilmir. Bəzi mülkiyyətçilər məhkəməyə müraciət etsələr də, əksəriyyət süründürməçilikdən bezdiyi üçün şikayət edə bilmir».

A.Quliyev qeyd etdi ki, hazırda Yasamal Rayon Məhkəməsində iki iddia üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir: ««Azərsu» Açıq Səhmdar Cəmiyyətinə, Oğuz Rayon İcra Hakimiyyətinə, «Turan Hazinadaroğlu» İnşaat və Ticarət Şirkətinə qarşı «Mülkiyyətin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın və dəymiş zərərin əvəzinin ödənilməsi barədə» iddia ərizələri üzrə məhkəmə işi yekunlaşmaq üzrədir. Həmin mülkiyyətçilərə dəyən ziyan müəyyənləşdirilir. Şəki İnzibati-İqtisad Məhkəməsində də bir neçə mülkiyyətçinin iddiasına baxılır».

Vəkil söylədi ki, məhkəmələr tərəfindən 1 ildən artıqdır baxılan iddia ərizələri var. Bu isə qanuna ziddir. Belə ki, qanunla ən çox müddət 3 aydır. O. qeyd etdi ki, hazırda məhkəmələrdə «Azərsu»ya qarşı 15-dən çox iddia ərizəsinə baxılır.

Xatırladaq ki, Oğuz-Qəbələ-Bakı su kəməri 2010-cu ildə istifadəyə verilib. Kəmərin çəkilişi 780 milyon manata başa gəlib. Su kəməri Bakının fasiləsiz su ilə təminatına hesablanmışdı. Lakin paytaxtda xüsusilə yay aylarında içməli suyun verilməsində problemlər yaranır.

 





13.05.2014    çap et  çap et