Vaxt.Az

Deputatın iddiası yanlış və təhlükəlidir


 

Xalqın tarixi ilə etiqadını qarşı-qarşıya qoymaq

Deputatın iddiası yanlış və təhlükəlidir Milli Məclisin deputatı Fazil Mustafanın Azərbaycan tarixi barədə yazdığı məqaləsini oxudum.

Əsas tezis kimi irəli sürdüyü “Biz keçmişi qədim, tarixi yeni olan bir xalqıq” iddiası kökündən yanlışdır və təhlükəlidir.

Fazil Mustafanın yanaşmasına görə, 1828-ci il Türkmənçay sazişinə qədər “barbar və vəhşi azərbaycanlılar” mövcud olub, işğaldan sonra “böyük və mədəni” Rusiya bu xalqı mədəniləşdirib.

Bu yanaşma müstəmləkə sisteminə bəraət, xalqı ağır şərtlərə hökmü altında saxlamış ağalara dəstəkdir.

Həmçinin Azərbaycan xalqının yarımçıq, tarixsiz və formalaşmamış bir cəmiyyət olduğunu təbliğ edir.

Fazil Mustafanın tezislərində mərkəzləşmiş Azərbaycan torpaqları yoxdur, dövlət quruculuğumuzun spontan formada yaradıldığı qırmızı xətt kimi keçir.

Tarixi metodologiyanı, mənbələri, təşəkkül periodlarını, dövlət quruluşlarının sistemliliyini və üzvi bağlılığını anlaya bilməyən Fazil Mustafa xalqı öz tarixi və formalaşmasında rol oynadığı etiqadı ilə qarşı- qarşıya qoyur.

Şah İsmayıl və Səfəvi dövlətini Azərbaycan tarixindən silməyi təklif edən deputat bununla da Azərbaycan xalqını yarımçıq, mərkəzi dövlətçilik statusu olmayan, fraqmental tarixi olan xalq kimi təqdim edir.

Halbuki bugünkü Azərbaycan elə Şah İsmayılın qurduğu dövlətin sərhədləri çərçivəsindədir. Bu sərhədlərlə Rusiya İmperiyasına daxil edilib, daha sonra Xalq Cümhuriyyətini elan edib. Elə bu sərhədlərlə SSRİ-yə birləşdirilib.

Bu sərhədlər çərçivəsində 1991-ci ildə müstəqil dövlətə çevrilib.

Üstəlik sekulyar dövlət olan Azərbaycanda bu tip əqidə mübahisələri açmaq Konstitusiya ilə qadağandır və dövləti cinayət sayılır.

Azərbaycan dövlətinin hazırkı dönəmində, qlobal çağırışlar zamanında bu cür müzakirələri zərərli hesab edirəm.

 





28.05.2025    çap et  çap et