Vaxt.Az

AŞ-ın NK-ya sədrlik Azərbaycana keçdi


 

6 aylıq müddətdə demokratiya, təhlükəsizlik və stabillik prioritet olacaq

AŞ-ın NK-ya sədrlik Azərbaycana keçdi Mayın 13-də Strasburq meriyasının qarşısında Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinin sədrliyinə başlaması münasibətilə dövlət bayrağı qaldırılıb. AzərTAc-ın məlumatına görə, mərasimi açan şəhər merinin müavini Jan-Jak Qsel deyib ki, Avropanın rəmzi paytaxtı hesab edilən Strasburq dəfələrlə Avropa Şurasına üzv olan müxtəlif ölkələrin Nazirlər Komitəsinin sədrliyinə başlaması ilə bağlı bayraq qaldırılma mərasimi kimi yaddaqalan hadisələrin şahidi olub: «Özünəməxsus tarixə, müxtəlif dinlərə və mədəniyyətə malik olan üzv ölkələrin fəaliyyətində Avropa Şurasının əsas prinsipləri - demokratiya, insan haqları və qanunun aliliyi mühüm rol oynayır».

Avropa Şurası baş katibinin müavini Qabriella Battani-Draqoni çıxışında bayraq qaldırılması mərasiminin bir növ Avropanın simvoluna çevrildiyini, sədrlik dövründə Avstriyanın fikir azadlığı, jurnalistlərin təhlükəsizliyi, insan hüquqları, korrupsiyaya və qadın zorakılığına qarşı mübarizə istiqamətində müəyyən işlər gördüyünü, Avropa Şurası və Strasburq şəhəri ilə birgə əməkdaşlıq sayəsində demokratiyaya dair dünya forumunu təşkil etdiyini deyib.

Azərbaycanın Avropa Şurasına üzv olduğu müddətdə ilk dəfə Nazirlər Komitəsinə sədrliyə başladığını diqqətə çatdıran baş katibin müavini ölkənin korrupsiyaya qarşı fəal mübarizə aparacağına, Avropa Şurasının əməkdaşlığının zəruri tərkib hissəsi olan qonşuluq və mədəniyyətlərarası dialoq siyasətini müvəffəqiyyətlə davam etdirəcəyinə əminliyini bildirib.

Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəlinin rəhbəri Emin Eyyubov çıxışında deyib: «2001-ci ilin yanvar ayında Avropa Şurasının üzvü olduqdan sonra ilk dəfə Nazirlər Komitəsinə sədrliyi öz üzərinə götürmək Azərbaycan Respublikası üçün mühüm hadisədir. 2014-cü ilin may-noyabr aylarını əhatə edəcək sədrlik ərzində Azərbaycan Avropa Şurasının fəaliyyətinin üç əsas ölçüsü – insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək verəcək və bu istiqamətlərdə təşkilatın atacağı addımların təşviqi ilə bağlı səylərini əsirgəməyəcək.

Azərbaycan sədrliyi şəksiz olaraq demokratiya, təhlükəsizlik və stabillik sahəsində Avropada hazırda mövcud olan və üzv ölkələrin üzləşdiyi problemlərə ciddi diqqət ayıracaq. Bu məqsədlə Azərbaycanın sədrliyi təşkilatın bütün üzv ölkələri ilə birgə gücləndirilmiş dialoq, qarşılıqlı hörmət və anlaşma yolu ilə kompromis ruhunda razılaşdırılmış qərarların qəbuluna çalışacaq. Korrupsiya ilə mübarizə Azərbaycan sədrliyinin əsas prioritetlərindən biri olacaq. Biz Bakıda yüksək səviyyəli konfrans təşkil etməklə korrupsiya ilə mübarizəni özünün əsas məqsədi elan etmiş Avropa Şurasının səylərinə töhfəmizi verəcəyik.

Mütəmadi olaraq inkişaf edən cəmiyyətlərdə mədəni fərqliliklərin idarə edilməsi bu gün Avropada ən aktual məsələlərdən birinə çevrilib. Azərbaycan tarixən müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində, birgə mövcud olduğu bir yer olub. Sədrliyi zamanı Azərbaycan mədəniyyətlərarası dialoqa, Avropada ayrı-seçkilik və dözümsüzlüklə mübarizəyə öz töhfəsini verəcək». (musavat.com)

 





14.05.2014    çap et  çap et