O bildirib ki, E. Qədirlinin vəzifəsindən kənarlaşdırılmasına son günlər hərəkatın proqramına zidd müsahibə və açıqlamaları səbəb olub: «Son günlər onun sosial şəbəkələrdəki statusları və müsahibələri hərəkatda müzakirə olunurdu. Onun bəzi müsahibələri REAL-ın proqramı ilə təzad təşkil edir. Erkin Qədirlinin demokratiya ilə bağlı bəzi fikirləri cəmiyyətdə birmənalı qarşılanmamışdı. Ona görə də biz ona vaxt tanımışdıq ki, səhvlərini düzəltsin. Ancaq bu baş vermədiyinə görə İdarə Heyəti belə bir qərar verdi».
N. Cəfərli onu da əlavə edib ki, İdarə Heyəti 3 ay müddətinə E. Qədirlinin mətbuatla təmasına da məhdudiyyət qoyub. Onun sözlərinə görə, REAL-ın yeni Məclis başqanı seçiləcək: «Amma Erkin Qədirli İdarə Heyətində qalır və bütün işlərdə aktiv iştirak edəcək».
Erkin Qədirli isə REAL-dan çıxarılmasına təmkinli reaksiya göstərib. «Mənimlə bağlı qərar fikirlərdə çoxdan qəbul olunmuşdu. Sadəcə olaraq, vaxt tapıb dünən nəhayət ki, rəsmiləşdirdilər. Gedişata görə bu qərar mənim üçün gözlənilməz olmadı» deyə, o bildirib. O, teleqraf.com-a açıqlamasında deyib ki, İdarə Heyətində çox tənqid olunub və öz arqumentlərini deməyə çalışıb: «Amma əksəriyyət mənim arqumentlərimi qəbul eləmədi. Nəticədə belə qərar çıxdı.
Məhdudlaşma əl-qolumu bağlayacaq. Bu, cəza kimi düşünülüb. Əslində bu qərar mənim barəmdədir deyə danışmağım düzgün olmazdı. İdarə Heyətində mənim çıxışlarımla bağlı çoxdan müzakirələr gedirdi. Sadəcə olaraq, İdarə Heyətinin üzvlərinin səfərləri, İlqar Məmmədovun məhkəməsi ilə əlaqədar Şəkiyə gedib-gəlməyimiz, İlqar Məmmədovun özü ilə məsləhətləşmə və araya digər işlər qarışdı. Mənə şifahi deyilmişdi ki, belə bir qərar olacaq. İclasda özüm də iştirak etmişdim».
E.Qədirli qərarı sərt sayır: «Düşünürəm ki, sərtdir, inandırım ki, daha sərt təkliflər vardı. Bu, bir az kompromis qərar idi. Qərar var və təşkilat üzvü kimi bu qərarla hesablaşmalıyam. Üç ay gözləməliyəm. Yəqin məhdudiyyət aradan qalxandan sonra yenidən fikirlərimə qayıdıb izahat verəcəyəm».
Bildirilir ki, sözügedən qərar REAL sədri İlqar Məmmədovla da razılaşdırılıb.
Hərəkatın icra katibi Natiq Cəfərli musavat.com-a bildirib ki, İdarə Heyətinin qərarına E.Qədirlinin hörmətlə yanaşacağına ümid edir: «Üç ay müddətinə E. Qədirlinin mətbuatla təmasına da məhdudiyyət qoyulub. Bu, REAL-ın fəaliyyəti ilə bağlı açıqlamalara aiddir. Erkin Qədirli özü bu qərarın lehinə səs verənlərdən biridir. O, məhdudiyyətlə bağlı verilmiş qərarla tam razıdır. REAL kollektiv kimi olduğu üçün kollektiv verilən qərarlarla razılaşdı, belə də olacaq. Dəfələrlə deyilib ki, REAL bir şəxsin və ya şəxslərin təşkilatı deyil, dəyərlər üzərində qurulmuş təşkilatdır. Təşkilatın ən öndə gedən şəxslərindən biri haqqında qərar verilib, ölkədə indiyədək siyasət tarixində belə hal olmamışdı. Bu, bir ilkdir».
N.Cəfərlinin sözlərinə görə, E.Qədirli təşkilata aid olmayan istənilən məsələ barədə rəyini, fikrini bildirə bilər və mətbuata bu mövzuda açıqlama verməsi qadağan olunmayıb: «O, siyasətçi, hüquqşünas kimi şəxsi fikirlərini tam sərbəst şəkildə bildirə bilər». Onun yerinə isə hələlik heç kəsin namizədliyi müzakirə edilməyib. N.Cəfərli deyir ki, səbəb REAL-ın partiya formatına keçməklə bağlı verdiyi qərardır. Yəni gələcəkdə Məclisə yeni seçki keçiriləcək. Bu səbəbdən gündəmdə Erkin Qədirlinin yerinə kiminsə seçilməsi planda deyil.