Məsələn, “Coca-Cola” artıq 62 ildir ki, investorlarına fasiləsiz divident ödəyir. Hazırda şirkət hər səhmə görə ildə 2.04 dollar (rüblük təxminən 0.51 dollar) divident verir.
ABŞ-da hazırda ən çox divident ödəyən şirkətlərdən biri də “Two Harbors Investment Corp” (TWO) şirkətidir. Bu şirkət, sahib olduğunuz hər səhm üzrə ildə 16.66 faiz divident ödəyir. Hazırda səhm qiyməti 10.87 dollardır və bu qiymətə görə təxminən 1.81 dollar illik gəlir əldə etmiş olursunuz. Amma nəzərə alın ki, bu şirkət ipoteka və daşınmaz əmlak sahəsində fəaliyyət göstərdiyi üçün riskli investisiya sayılır.
Dividentlərin üstünlüyü ondadır ki: səhmləri saxlamağa davam etdikcə divident gəliri alırsınız.
Eyni zamanda səhm qiyməti arta bilər, istədiyiniz zaman satıb kapital qazancı da əldə edə bilərsiniz.
Divident ödəniş növləri
Nağd dividentlər
Nağd şəkildə ödənilir – adətən bank hesabınıza və ya broker balansınıza köçürülür.
Səhm dividentləri
Nağd pul əvəzinə əlavə səhmlər şəklində ödənilir. Yəni aldığınız divident, həmin şirkətin neçə səhm almağa çatırsa, o qədər yeni səhm verilir.
Xüsusi dividentlər
Bu dividentlər birdəfəlik olur. Əsasən şirkət böyük qazanc və ya aktiv satışları etdikdə ödənilir. Müntəzəm deyil.
Məsələn: “Costco” bəzi illərdə əsas dividentə əlavə olaraq xüsusi divident də ödəyir.
İmtiyazlı səhm dividentləri (Preferred dividends)
Bu dividentlər yalnız imtiyazlı səhmdarlara ödənilir (adi səhmdarlara yox). Əgər şirkət bir rübdə divident ödəməzsə, borclu qalır və növbəti rüblərdə onu tam və ya hissə-hissə ödəməlidir (əgər səhmlər kumulativdirsə).
Bu dividentlərin faizi sabitdir, dəyişmir. Bu səhmlər geri çağırıla bilən ola bilər — yəni şirkət onları müəyyən tarixdən sonra və müəyyən qiymətə geri ala bilər.
Geri çağırıla bilən imtiyazlı səhm nədir?
Əgər imtiyazlı səhmlər geri çağırıla biləndirsə (callable), şirkət onları əvvəlcədən müəyyən olunmuş qiymətə (call price) və tarixdən sonra (call date) geri ala bilər.
Bu hallar səhmin buraxılış sənədində əvvəlcədən göstərilir. Əgər belə bir səhminiz varsa və şirkət onu geri almağa qərar verərsə, məcburən satmalı olacaqsınız.
Məsələn, geri çağırılma qiyməti 25 dollardırsa, şirkət sizə 25 dollar ödəyib səhmi geri ala bilər.
Əgər səhmlər geri çağırıla bilməzsə (non-callable):
Bu halda səhmi istədiyiniz qədər saxlaya bilərsiniz.
Şirkət sizi satmağa məcbur edə bilməz.
Buna görə də həmişə yoxlayın:
Səhm geri çağırıla biləndirmi?
“Call price” nə qədərdir?
“Call date” nə vaxtdır?
Səhm kumulativdirmi?
İmtiyazlıdırmı?
Bu növ dividentlərin həm üstün, həm də mənfi tərəfləri var.
Məsələn: Siz “Bank of America”nın illik 6 faiz gəlirli imtiyazlı səhmini almısınız.
Mənfi tərəf: Əgər şirkət böyüyərsə və adi səhmlərin dividentləri artarsa (məsələn 8 faizə), siz hələ də 6 faiz alacaqsınız.
Sizin səhmin qiyməti də çox artmayacaq, çünki siz əsasən divident gəliri üçün yatırım etmisiniz.
Müsbət tərəf: Əgər şirkətin gəliri düşərsə və adi dividentlər 2 faizə enərsə, siz hələ də 6 faiz gəlir alacaqsınız.
Bundan əlavə, imtiyazlı səhmlərin qiyməti də çox ucuzlaşmır.
Əlavə müsbət tərəf: Əgər şirkət iflasa uğrasa, imtiyazlı səhmdarlar adi səhmdarlardan əvvəl ödəniş alırlar.
Mənfi tərəf: Şirkət səhmləri əvvəlcədən müəyyən olunmuş qiymətə geri almaq hüququna malik ola bilər – və siz məcburən satmalı ola bilərsiniz.