Vaxt.Az

Diş plombunda siçan zəhəri olub


 

Qızını öldürməyə cəhddə ittiham olunan ata İstanbuldan Münhenə gedərkən həbs olunub

Diş plombunda siçan zəhəri olub Almaniyada qızını zəhərləməkdə ittiham olunan 28 yaşlı əfqan ata İstanbuldan qayıdarkən Münhen hava limanına enərkən həbs edilib.

Almaniyanın Münhen şəhərində 28 yaşlı kişi qızı ilə bağlı dəhşətli cinayətdə şübhəli bilinərək hava limanında həbs edilib. İstanbuldan Almaniyaya daxil olarkən saxlanılan şəxsin kiçik qızını zəhərləməyə cəhd etdiyi iddia edilir.

***

Polisin 28 may tarixli açıqlamasına görə, hadisə 2024-cü ilin dekabrında baş verib. Ata qızı ilə birlikdə Landşutda anasının evində olub. Kiçik qız orada qusub və sonra ağzından diş plombunu çıxarıb. Müayinələrdə diş plombunun tərkibindəki maddənin gəmiricilərə qarşı mübarizədə istifadə edilən və uşaq üçün ölümcül ola biləcək zəhər növü olduğu müəyyən edilib.

Uşaq hadisədən sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Xoşbəxtlikdən zəhərlənmə və digər xəsarətlər olmayıb. Lakin o, bir neçə gün müşahidə altında saxlanılıb.

***

Hadisədən sonra ata haqqında ciddi şübhələr yaranıb. Prokurorluq təhlükəli maddənin uşağa atası tərəfindən verildiyini qiymətləndirib. Atanın barəsində “qəsdən adam öldürməyə cəhd” və “sağlamlığa təhlükəli xəsarət yetirmə” maddələri ilə həbs qətimkan tədbiri seçilib. O vaxtdan bəri axtarışda olan şəxs hadisədən 5 ay sonra Münhen hava limanına endikdən sonra həbs edilib.

***

Mayın 26-da Münhen hava limanında pasport nəzarəti zamanı saxlanılan əfqan əsilli alman daha sonra Niderbayern Polis Departamenti qruplarına təhvil verilib. Ertəsi gün Landşut Sülh Məhkəməsinə gətirilən şübhəli barəsində həbs qərarı çıxarılaraq həbsxanaya göndərilib.

Landşut Kriminal Polisi Landşut Respublika Prokurorluğunun nəzarəti altında araşdırmanı davam etdirir. Polis bildirib ki, istintaqın məxfiliyi və şəxsi hüquqlarına görə hazırda əlavə məlumat paylaşa bilməyəcəklər.

 





29.05.2025    çap et  çap et