Vaxt.Az

Pirverdiyev 2,4 milyona villa alıb


 

«Azərenerji» sədrinin Bakıda aldığı əmlakla bağlı qalmaqal üzə çıxdı

Pirverdiyev 2,4 milyona villa alıb Azərbaycan vətəndaşı Məmmədov Elburus Adil oğlu «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyev tərəfindən aldadıldığını deyir. Belə ki, ona məxsus əmlaka görə ödəniləcək 100 min manat vəsait 4 ildir ödənilmir.

Bu barədə E.Məmmədovun hüquqi nümayəndəsi Fəqan Nəsibov Bizimyol.info-ya müraciətində bildirib.

Müraciətdə yazılıb: «Elburus Məmmədova məxsus Bakı şəhər, Nərimanov rayonunun Tələt Şıxəliyev küçəsi, ev 174 ünvanında yerləşən 4 mərtəbəli villa 2010-cu ildə Etibar Pirverdiyevə satılıb. Alqı-satqı müqaviləsinə əsasən satan tərəf E.Məmmədov, alan tərəf isə «Azərenerji» ASC-nin sədrinin həyat yoldaşı Pərvanə Pirverdiyeva olub».

Müraciətdə bildirilir ki, E.Məmmədova məxsus olan villa 2 milyon 300 min manata razılaşdırılıb: «Etibar Pirverdiyev villada olan əşyaları da almaq istədi. Məişət əşyaları 150 min manata qiymətləndirildi. Biz 100 minə razılaşdıq. Ümumi razılaşmaya əsasən villa məişət əşyaları ilə birlikdə 2 milyon 400 min manata qiymətləndirildi. Villa  üçün razılaşdığımız məbləğin ödənişi aparıldı. Yəni, mənə 2 milyon 300 min manat vəsait verildi. Etibar Pirverdiyev məişət əşyalarına görə razılaşdığımız məbləği sonra verəcəyinə vəd verdi. Amma, 2010-cu ildən bu günə qədər, mən Azərenerji» ASC-nin sədrindən nə pulumu, nə də mənzil əşyalarımı ala bilmirəm».

Şikayətçi yazır ki, alqı-satqı müqaviləsinə görə, daşınmaz mülkiyyətin qiyməti aşağı məbləğ göstərilib: «Burada məqsəd dövlətə verginin az ödənilməsi idi. Müqaviləyə görə, villanın qiyməti 800 min manat göstərilib».

Fəqan Nəsibov bildirir ki, alqı-satqı məsələlərində iştirak etmiş Etibar Pirverdiyevin qaynı yalan vədlər verib: «E.Pirverdiyevin qaynı Hikmət dəfələrlə Elburus Məmmədova söz verib ki, mənzil əşyalarına görə vəsait ödəniləcək. Ancaq 4 ildir ki, 100 min manat ödənilmir».

«Azərenerji» ASC-nin sədri Etibar Pirverdiyevin Hikmət adlı qaynı ilə telefonla danışdıq. O, əməkdaşımıza bildirdi ki, bu barədə danışmaq istəmir.

P.S. Qarşı təfərin münasibətini dərc etməyə hazırıq. (bizimyol.info)

 





14.05.2014    çap et  çap et