Vaxt.Az

Putinə Kimə borclu qalmır


 

Rusiyanın Şimali Koreyaya hava hücumundan müdafiə sistemi göndərdiyi iddia edilir

Putinə Kimə borclu qalmır Cənubi Koreya və ABŞ ilə əməkdaşlıq çərçivəsində yaradılan Çoxtərəfli Sanksiya Monitorinq Qrupunun (MSMT) hesabatında Rusiyanın Şimali Koreyaya hava hücumundan müdafiə sistemləri verdiyi bildirilib.

Qərargahı Seulda olan “Yonhap” agentliyinin xəbərinə görə, Cənubi Koreya Xarici İşlər Nazirliyinin dərc etdiyi MSMT hesabatında Moskva ilə Pxenyan arasında son hərbi əlaqələrə diqqət çəkilib. Hesabatda Rusiyanın 2024-cü ilin noyabrından Şimali Koreyaya ən azı bir “Pantsir” hava hücumundan müdafiə sistemi və döyüş maşını təhvil verdiyi bildirilib.

Hesabatda Rusiyanın 2024-cü ilin mart-oktyabr ayları arasında Şimali Koreyaya 1 milyon barreldən çox yanacaq təmin etdiyi və təxminən 8 min Şimali Koreyalı işçinin Rusiyada çalışdığı, Şimali Koreyanın isə 2023-cü ilin sentyabr ayından bu yana Rusiyaya milyonlarla artilleriya mərmisi, ballistik raketlər və ağır silahlar da daxil olmaqla 20 mindən çox konteyner hərbi texnika göndərdiyi bildirilib.

Hesabatda Şimali Koreyanın 2024-cü ildə Rusiyaya 11 mindən çox əsgər göndərdiyi, bu yaxınlarda isə daha 3 min əsgərin yerləşdirildiyi qeyd edilib.

***

MSMT Cənubi Koreya və ABŞ tərəfindən 2023-cü ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Şimali Koreyaya nəzarət edən BMT-nin sanksiyalar panelinin səlahiyyətinə xitam verdikdən sonra yaradılıb.

Avstraliya, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Hollandiya və Yeni Zelandiya da daxil olmaqla ümumilikdə 9 ölkə yeni mexanizmə qoşulub.

Bu il fevralın 19-da ABŞ-ın paytaxtı Vaşinqtonda MSMT Rəhbər Komitəsinin ilk iclası keçirilib.

Vurğulanıb ki, MSMT-də iştirak edən ölkələr qlobal nüvə silahlarının yayılmasının qarşısını almaq və Şimali Koreyanın kütləvi qırğın silahları və ballistik raket proqramlarının yaratdığı təhlükəni aradan qaldırmaq əzmindədirlər.

 





30.05.2025    çap et  çap et