Vaxt.Az

Bakı-Moskva yaxınlaşması Avropanı narahat edir


 

Rasim Musabəyov: «Biz aydınlaşdırmalıyıq ki, fövqəladə vəziyyətdə Avropa Birliyindən nə dərəcədə dəstək ala bilərik»

Bakı-Moskva yaxınlaşması Avropanı narahat edir Fransa prezidenti Fransua Ollandın Cənubi Qafqaz turnesinə, xüsusilə də Bakı səfərinə və buradakı mesajlarına müxtəlif yanaşmalar var. Qeyd edək ki, fransız prezident Azərbaycanda olarkən diplomatik dillə də olsa, Azərbaycanın müstəqilliyini istədiyi barədə fikir bildirmiş, Ukraynanın ərzi bütövlüyünü müdafiə etməklə Rusiyaya mesaj vermişdi.

Düzdür, Ollandın səfəri uzun müddət öncədən planlaşdırılmışdı və bu mənada fərqli yozumlar da ola bilər. Ancaq bu da var ki, Azərbaycan son vaxtlar Rusiya ilə münasibətlərin daha da istiləşməsi istiqamətində addımlar atır. Rəsmi Bakı hətta paytaxtda Qazaxıstan və Belarusda belə rəsmən qadağan olunmuş «Georgiyev lenti»nin açıq şəkildə yayılmasına göz yumaraq Moskvanı qıcıqlandıra biləcək addımlara getmədi.

Olland Bakıda olarkən Azərbaycanın dövlət rəsmilərindən ibarət nümayəndə heyətinin Rusiyaya səfəri və verdiyi açıqlamalar da diqqət çəkdi. Eyni gündə Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Amangəldi Tuleyevi «Dostluq» ordeni ilə təltif edib.

Paralel şəkildə məlumat yayılıb ki, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şimal istiqamətində gedən qaz kəmərində bərpa işlərini başa çatdırdıqdan sonra Rusiyaya qaz ixracını bərpa etmək niyyətindədir.  Bu barədə ARDNŞ rəhbəri Rövnəq Abdullayev bildirib. Görünən budur ki, Ukrayna ətrafında baş verənlərdən, xüsusilə də BMT-dəki səsvermədən sonra Bakı Moskva ilə olduqca ehtiyatlı və balanslı siyasətə üstünlük verir. Azərbaycanın «Eurovision» da Rusiyaya 12 bal verməsi də çoxları üçün gözlənilməz oldu.

Bu mənada Fransa prezidentinin məhz bu arada Bakıya gəlməsinə diqqətçəkən bəzi müşahidəçilər hesab edir ki, Avropa Parisin vasitəsilə Azərbaycan-Rusiya yaxınlaşmasını əngəlləməyə və Azərbaycanın yenidən Rusiyanın təsiri altına düşməsinə maksimum mane olmaq istəyir. Ancaq başqa bir yanaşma da var ki, Bakı son vaxtlar Rusiyaya yönəlik kursunda müəyyən korrektələr etməklə şimal qonşumuzun qıcıqlanmasını əngəlləmək istəyib. Yəni faktiki olaraq Bakı bu həssas məqamda da balans siyasətinə üstünlük verib.

Yeri gəlmişkən, Fransanın «Le Figaro» qəzeti bu ölkənin prezidenti Fransua Ollandın Azərbaycandan başlanan Cənubi Qafqaz səfəri ilə bağlı yazı dərc edib.  Publika.az  xəbər verir ki, fransız nəşri səfərin Ukrayna böhranına görə Qərb və Rusiya münasibətlərinin kəskinləşdiyi bir vaxtda həyata keçirilməsinə diqqət çəkir. «Fransız lider Azərbaycandan sonra Ermənistan və Gürcüstanda olacaq. Fransa Avropa İttifaqının Şərq Əməkdaşlığı ölkələrində Parisin təsirini artırmaq istəyir. Eyni zamanda Rusiyanı qıcıqlandırmamağa çalışır. Hazırda Azərbaycan və Ermənistan arasında atəşkəs barədə razılığın əldə olunmasından 20 il keçib. Minsk Qrupunda həmsədr olan Fransa danışıqlara təkan verməyə ümid edir» deyə, «Le Figaro» yazır.  Yelisey sarayının məsləhətçisi Ukrayna böhranı ətrafında yaranan vəziyyəti şərh edərək bildirir ki, Krımın Rusiya tərəfindən zəbt edilməsi Bakıda ciddi narahatlıq doğurub: «O gün olmur ki, parlament və KİV Rusiya-Ukrayna böhranın nəticələrinin Azərbaycan üçün qorxusunu ifadə etməsin. Fars, türk və rus dünyasının dörd yolayrıcında olan bu keçmiş sovet respublikası Avropaya açılmaq istəyir».

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, Ollandın səfərini Bakı-Moskva münasibətləri ilə bağlamaq olmaz: «Rusiyanın bu davranışlarını təkcə Azərbaycan yox, lap Rusiyanın müttəfiqləri olan Belarus və Qazaxıstan da tərəddüd içində qarşılayıb. Belə olan halda hər dövlət öz mövqelərini möhkəmlətmək üçün məsləhətləşmələr aparır. Bundan əvvəl Azərbaycan prezidenti İrana getdi, Türkiyə prezidentini Azərbaycana dəvət etdi, Tiflisdə Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin birgə sammiti keçirildi. Bu, Rusiyanın davranışlarını cilovlamaq üçün atılan addımlardır.

Odur ki, Avropa Birliyində və NATO-da nüfuz sahibi olan bir dövlətlə müzakirələr aparılmasının yalnız faydası var. Biz aydınlaşdırmalıyıq ki, fövqəladə bir vəziyyətdə Avropa Birliyindən nə dərəcədə dəstək ala bilərik». R.Musabəyov deyir ki, Fransanın fövqəladə güc sahibi olduğunu demək olmaz: «Ollandın ağzı ilə bu məsələlər həllini tapsaydı, çoxdan tapmışdı. Amma Fransanın da baxışları önəmlidir. Onu da unutmaq olmaz ki, Olland Azərbaycanla yanaşı, Ermənistana da getdi. Bu mənada Avropanın Ollandı Azərbaycan-Rusiya yaxınlaşmasına görə bura göndərdiyi qənaətinə gəlmək yanlışdır».

 





14.05.2014    çap et  çap et