Vaxt.Az

“Əsgərlər daha öldürücü olacaq”


 

“Meta”nın ABŞ ordusu üçün süni intellektlə işləyən dəbilqəsi

“Əsgərlər daha öldürücü olacaq” Mark Zakerberqin “Meta” şirkəti ABŞ ordusu üçün yüksək texnologiyalı dəbilqələr hazırlayır. Dünən “Meta” tərəfindən edilən açıqlamada, layihənin “Andruil” adlı bir startap ilə ortaq işləyəcəkləri bildirilib.

“EagleEye” (Qartal gözü) adlanan yeni dəbilqələrə əlavə reallıq və süni intellektlə işləyən proqram təminatının daxil edilməsi planlaşdırılır.

Zakerberq açıqlamasında “bu texnologiyanı ölkə daxilində və xaricdə maraqlarımızı qoruyan Amerika əsgərlərinə təqdim etməkdən qürur duyuruq”, – deyib.

“The Washington Post” qəzetinin yazdığına görə, ikinci müddətində ABŞ prezidenti Donald Trampa yaxın bir xətti izləyən Zakerberq bu layihə ilə “Meta”nın marka dəyərini artırmağı hədəfləyir.

“Facebook”un qurucusu olan texnoloji milyarder dekabrda Respublika liderinin andiçmə fonduna da 1 milyon dollar bağışlamışdı.

“Meta”nın layihədəki tərəfdaşı “Andruil”, virtual reallıq şirkəti “Oculus”un qurucusu Palmer Laki tərəfindən idarə olunur. Laki də bir müddət “Facebook”da çalışıb, lakin 2017-ci ildə onun Hillari Klinton əleyhinə olan təşkilata 10 min dollar bağışladığı barədə mətbuatda xəbər yayıldıqdan sonra şirkəti tərk edib.

Laki 2014-cü ildə Zakerberq “Oculus”u 2 milyard dollara satın aldıqdan sonra “Facebook”un virtual reallıq layihələrinin əsasını qoyub. Proqram təminatı tərtibatçısı “Andruil”də hərbi pilotsuz təyyarə texnologiyaları və süni intellektə diqqət yetirir.

“Meta” və “Andruil” tərəfindən Pentaqona təqdim edilən layihə müraciəti sənədlərində “EagleEye” dəbilqələrinin əsgərləri “daha öldürücü və hərəkətli edəcək, eyni zamanda onların situasiya şüurunu artıracağı bildirilir.

“The Wall Street Journal”a görə, “EagleEye” sistemi əsgərlərin eşitmə və görmə qabiliyyətlərini təkmilləşdirərək, onlara kilometrlərlə uzaqda uçan PUA-ları və ya gizli hədəfləri aşkar etməyə imkan verəcək.

Zakerberqin şirkətinin noyabr ayında verdiyi açıqlamada, milli təhlükəsizliklə məşğul olan Amerika dövlət qurumlarının “Meta”nın süni intellekt modellərindən istifadə etməsinə icazə veriləcəyi də açıqlanmışdı.

 





30.05.2025    çap et  çap et