Yalançı çevriliş ssenarisi Rusiya daxilindəki tərəddüdlərə son qoymaq üçün Putinə yeni şans qazandıra bilər. Öncə, Rusiya tamamilə hərbi rejimə keçid etməklə, xarici düşmənlər siyahısını konkretləşdirəcək, dəqiq ünvanları açıqlayacaq. Daha sonra Putin ikinci cəbhə açmaq üçün hazırlıqlara başlaya bilər. Putin hətta öz ölkəsində ölüm hökmünün icrasına başlamağa şərait yaratmaq üçün qanunlara dəyişikliklər etməklə, məhkəmələrə böyük səlahiyyətlər verə bilər.
Bolşeviklərin lideri Leninin gördüyü işləri bəyənməyən Vladimir Putin adaşına hörmət etməsə də, digər Sovet rəhbərinin, diktator Stalinin sınanmış üsullarından bəhrələnməyi sevir.
Duqinin son vaxtlar tez-tez Kremlə dəvət olunması, bir müddət əvvəl isə Moskvanın və Sankt-Peterburqun hərbi kontingentinin ümumi əhvalının gizli yoxlanışı, həmçinin xüsusi xidmət orqanlarında əməkdaşların sayının artırılması daxili gərginlikdən xəbər verir.
Ayrı-ayrı vaxtlarda iqtidarda təmsil olunan yüksək çinli məmurlarla əlaqə quran Qərb sözçülərinin məxfi danışıqları barədə xarici mediada yayılan xəbərlərdən, hansının yalan və hansının gerçək olduğunu çox yaxşı bilən Putin üçün komandanı birdən dağıtmaq çox böyük faciə ilə nəticələnə bilər. Hələlik isə o, bu komanda ilə işləməyə məhkumdur, ancaq Stalin sayağı “təmizləmə”-yə böyük ehtiyac olduğunu da başa düşür.
Öz sistemində girova çevrilən Vladimir Putin əgər yalançı sui-qəsd planını və yaxud hərbi çevriliş ssenarisini işə salsa, yenə də xilas ola bilməyəcək.
Putin şər saçır, ən iyrənc vasitələrdən belə istifadə etməkdən çəkinmir, lakin o heç zaman əzəmətli və məğlubedilməz Rus Çarına bənzəməyəcək, çünki məğlubiyyətə məhkum olunmuşlar heç vaxt qalib bir lider kimi görünə bilməz.
Bataqlıqda salınmış qədim bir şəhərdə, həm də keçmiş paytaxtda böyüyən Rusiyanın prezidenti Putin artıq bataqlıqda çırpınır...