Bölgənin bilavasitə Rusiyanın həyati maraqlar sferasında yerləşdiyini və səfərin üstəlik, Ukrayna böhranının pik vaxtına təsadüf etdiyini, həmçinin Fransanın da Rusiya kimi BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, Minsk Qrupunda üç həmsədrdən, Avropa Birliyində isə iki əsas söz sahibindən biri olduğunu ciddiyə alsaq, səfərə ən böyük diqqətin şimaldan fokuslandığına şübhə qalmaz.
Bu xüsusda Fransua Ollandın bölgəmizə üçgünlük ziyarətinə Qərb mətbuatında verilən önəm az əhəmiyyətli deyil. Məsələn, Fransanın nüfuzlu «Le Monde» qəzetinin əməkdaşı, Ollandı səfərdə müşayiət eləmiş jurnalist İv-Mişel Ruolun səfər qeydləri maraq doğurur.
Jurnalist yazır: «Ukraynadakı konfliktin kölgəsi Fransua Ollandın Qafqazın üç keçmiş sovet respublikasına ilk səfərinin üzərində ağır kölgə kimi asılıb. Hərgah, Yelisey Sarayı xüsusi qeyd eləməyə çalışır ki, Azərbaycan, Ermənistan və Gürcüstana səfər «bu ölkələr uğrunda mübarizə» ilə bağlı deyil, bununla belə, heç bir şübhə yox ki, Moskva keçmiş SSRİ-nin ucqarlarındakı dövlətlər üzərində kontrolu gücləndirdiyi vaxtda Fransa dövlət başçısının oradan göndərdiyi siqnalları diqqətlə təhlil edəcək».
Qəzeti əməkdaşı daha sonra Ollandın Bakı səfəri ilə bağlı qeyd edir: «Bakıya, Azərbaycanın paytaxtına gələn kimi Fransua Oland Xəzər dənizi sahillərindən Donetsk və Luqanskda Rusiya yönlü separatçıların təşkil elədiyi referenduma istinadla Ukraynada «yaxşıca saxtalaşdırılmış» və «real olmayan» nəticələri qınadı. «Mən bunu referendum adlandırmaq istəməzdim» – təkid edib Olland. Qeyd edib ki, orada nə seçki məntəqələri və qutuları, nə də seçki siyahıları olub. «Dəyər kəsb edən yeganə seçki 25 may prezident seçkiləridir, hansı ki, bütün Ukraynanın prezidentini seçməyə imkan yaradır, Həmin şəxs də yeganə legitim hakimiyyət olacaq» – bildirib prezident».
Dağlıq Qarabağ münaqişəsinin həllinə rəsmi Parisin təsir imkanlarına gəlincə, Mişel Ruol yazıb: «Diplomatlardan birinin sözlərinə görə, Azərbaycanla Ermənistan kövrək atəşkəs rejiminə əməl eləsələr də hələ ki, «texniki müharibə vəziyyətindədir». Dağlıq Qarabağ Rusiya tərəfindən birbaşa və ya dolayısıyla körüklənən, Moskvaya öz qonşularına təsir göstərmək imkanı verən »dondurulmuş münaqişələr»in simvoluna çevrilib. Burada hətta ATƏT missiyası (Minsk Qrupu – s.s.) çalışsa da, status-kvo total olaraq qalır. Fransa XİN-dən bildirildiyi kimi, bu «qara dəlik» bütün regional əməkdaşlığı iflic edir, çünki Azərbaycanla Ermənistan arasında hələ də diplomatik münasibətləri yoxdur. Təkcə hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən böyük olan Azərbaycan qarşısında təhlükəsizlik və energetika məsələlərində Rusiyadan tam şəkildə asılı olan İrəvanın Moskvanın təzyiqlərinə dözə bilmədi. Bu gün bu ölkədə Rusiyanın hərbi bazası və 5 min hərbçisi var. Rusiya tərəfə kəskin dönüş (Gömrük İttifaqına üzvlük nəzərdə tutulur - red.) dərhal onun mükafatlanmasına gətirdi – Rusiya Ermənistan üçün təbii qazın qiymətini iki dəfə aşağı saldı. Halbuki, Ermənistan Ukrayna hadisələrinədək Rusiyanın öz qonşularına sırıdığı «məhdud suverenlik»lə şellənirdi...» (musavat.com)