Oskar Piastri sessiyanın son cəhdində fenomenal bir dövrə vurdu – maşın ideal idi, ön qanadın elastikliyi hiss olunmurdu, Oskar da maşından maksimumu ala bildi. Yekunda mövsümdə və karyerasında 4-cü pouluna sevindi. Sabah yarışın startında mövqeyini qoruya bilsə, yarışda qələbə əsas namizəd də avstraliyalı sürücü sayılır.
Lando Norris isə ənənəsinə sadiqdir – son sessiyada ilk cəhdində komanda yoldaşını qabaqlasa da, ikinci cəhdində ilk sektorda o qədər səhvlərə yol verdi ki, az qalmışdı ki, ilk cərgəni də əldən versin – mövsümdə birinci dəfə ilk iki sürücü arasında belə böyük fərq qeydə alındı. Heç olmasa son sektoru yaxşı keçə bildi və ilk cərgəni papaya rənginə boyadı. Qələbə şansını ancaq startda dəyərləndirə bilər, xüsusən papaya qanunlarına görə, ilk döngəyə öndə girən sürücü qalib gəlməlidir.
Maks Verstappen yenə də narıncılara ən yaxın sürücüdür, amma nəzərə alsaq ki, lap FİA-nın direktivi “McLaren”i yavaşladıb, fərq hələ də böyükdür. Maks da dövrəsini ideal vurmadı, ilk sektorda səhvə yol verdi. Nəticədə az qalmışdı ki, 3-cülük də əldən çıxsın – yaxşı ki, dövrəsini daha əvvəl tamamlamışdı. Düşünürəm ki, startda Norrisi qabaqlaya bilər, əgər risk edib Oskarı da keçə bilsə, onda yekunda qələbəyə sevinə bilər, əks halda yarış elə başladığı kimi də bitəcək.
Əlbəttə, yeni qanadların yarış tempinə münasibətini yarışda biləcəyik, bundan sonra mövsümdə yekun qüvvələr nisbəti haqqında proqnoz söyləmək mümkün olacaq.
Lyuis Həmiltonun mövsümdə 2-ci də Şarl Lekleri üstələməsini xüsusi qeyd etmək istərdim – amma ümumən “Ferrari” yenə də 4-cüdür və “McLaren”ə qısa bir trasda yarım saniyə uduzmaq fiaskodur: mövsüm əldən getdi...
Bizi isə maraqlı start və yarış gözləyir...