Mən dünənki matçda açığı çox duyğulandım və sevindim. Öncə baş məşqçi Luis Enrikenin çox kiçik yaşda ağır xəstəlikdən itirdiyi qızı Xananı xatırlatması, matçdan sonra onun fotosu olan forma geyinməsi və qələbəni ona həsr etməsi çox təsirli səhnələr idi.
Digər tərəfdən “İnter”in yaxşı futbolçu olsa da, hər zaman Azərbaycana qarşı separatçı fikirləri ilə diqqətə gələn və bir zaman işğalda olan Şuşada özünə villa tikdirən Henrix Mxitaryanın məğlub olması möhtəşəm idi. Əgər 36 yaşlı erməni əsilli futbolçu bu kuboku qazansaydı tarixə düşəcəkdi. Çünki bundan əvvəl o digər iki Avropa klub kubokunu qazanıb.
Qayıdaq Xviçaya. Axı onun da soyadının ən azı Azərbaycanla bağlılığı var.
Atası Badri Kvaratsxeliya. Bir sezon “Kəpəz”, ondan sonra 7 il “Şəmkir”in hücumçusu idi. Azərbaycan çempionatının bombardiri, 3 dəfə çempionu, bir dəfə kubok sahibi oldu. “Şəmkir”in həyatında Çempionlar Liqasında “Skonto” ilə cavab matçında het-trik edərək ilk dəfə Azərbaycan komandasının bu turnirdə mərhələ keçməsinə əsas səbəbkar. Bizim nəsil idman yazarları həmin matcların əksəriyyətini Tofiq Bəhramov adına respublika stadionunun tribunasından izləmişik, sevinmişik, reportaj yazmışıq...
Xatırladaq ki, Badri həm də ikili vətəndaş kimi Azərbaycan milli komandasının da formasını geyinib... Sonalar isə müxtəlif Azərbaycan komandalarına baş məşqçilik də edib həm də bizim Badri, Xviçanın atası...