Vaxt.Az

Rusiya Kiyevə hava zərbələri endirib


 

Sumıda daha 11 kəndin boşaldılması barədə göstəriş verilib

Rusiya Kiyevə hava zərbələri endirib Rusiya və Ukraynanın Kremlin çağırışı ilə iyunun 2-də İstanbulda ikinci dəfə görüşəcəyi qeyri-müəyyən olsa da, Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko Rusiyanın Kiyevə endirdiyi hava hücumlarını dəf etməyə çalışdıqlarını açıqlayıb.

“The Guardian” qəzetinin məlumatına görə, bu gün yerli vaxtla saat 02:00-a yaxın Kiyevdə hava və raket hücumları barədə xəbərdarlıq sirenləri səslənməyə başlayıb.

Ukrayna mətbuatında yer alan xəbərlərə görə, paytaxtda partlayış səsləri eşidilib. Sözügedən hücum Rusiyanın müharibə başlayandan bəri Kiyevə ən böyük aviazərbəsini endirməsindən bir həftə sonraya təsadüf edib.

***

Ukrayna rəsmilərinin məlumatına görə, dünən Rusiyanın pilotsuz uçuş aparatı (PUA) və Ukraynaya raket hücumları nəticəsində biri 9 yaşlı uşaq olmaqla iki nəfər həlak olub.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın gecə ərzində 109 PUA və 5 raketlə hücuma keçdiyini, 3 raket və 42 PUA-nın məhv edildiyini bildirib. Açıqlamaya görə, 30 PUA hədəflərinə çata bilməyib və heç bir ziyan vurmayıb.

Bildirilib ki, Zaporojya vilayətinin sərhəddə yerləşən Dolınka kəndinə hücum zamanı 9 yaşlı qız ölüb. Xerson vilayətinin qubernatoru Aleksandr Prokudin də Rusiyanın hücumu nəticəsində bir nəfərin öldüyünü bildirib.

***

Bundan əlavə, Ukrayna hakimiyyətinin Rusiyanın əraziləri ələ keçirməyə davam etdiyi üçün ölkənin şimalındakı Sumi vilayətində daha 11 kəndin təxliyəsi barədə göstəriş verdiyi bildirilir.

Rusiya Müdafiə Nazirliyi də Donetsk vilayətinin şərqindəki Novopil kəndi və Sumi vilayətinin Vodolaçi kəndini nəzarətə götürdüyünü açıqlayıb.

İyunun 1-nə olan məlumata görə, Sumıda 213 yaşayış məntəqəsinin təxliyəsi barədə göstəriş verilib. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna ərazisində bufer zona yaratmaq üçün hücuma keçmək niyyətində olan Rusiya bölgəyə 50 minə qədər hərbçi yerləşdirib.

 





01.06.2025    çap et  çap et