«Rayonda yerləşən bəzi dövlət qurumlarının məsul nümayəndələri polisə müraciət edərək Tofiq Qasımov adlı şəxsin rüsvayedici məlumatlar yayma hədəsi ilə dəfələrlə onlardan pul aldığını, sonuncu şəxs haqqında müvafiq ölçü götürülməsini xahiş ediblər. Həmin müraciətlər əsasında Salyan RPŞ-də araşdırma aparılıb, ərizələrdə göstərilən xüsusatlar öz təsdiqini tapdığı üçün faktla bağlı İstintaq bölməsində Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə (Hədə-qorxu ilə tələbetmə) cinayət işi başlanıb, cari il aprelin 16-da məhkəmə tərəfindən Tofiq Qasımov barəsində həbs-qətimkan tədbiri seçilib».
Orxan Mansurzadənin sözlərinə görə, Tofiq Qasımov istintaqda etiraf edib ki, o, bu işləri üzvü olduğu Demokratiya Yardım İctimai Birliyinin rəhbəri Emil Məmmədovun tapşırığı əsasında həyata keçirib:
«Emil Məmmədovla bağlı rayonda yüksək vəzifə tutan iki nəfər də polisə müraciət edərək birinci şəxsin onlardan pul tələb etdiyini bildiriblər. Belə olan halda sözügedən şəxsin də Polis Şöbəsinə çağırılması zərurəti yaranıb və Emil Məmmədov polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Bəzi KİV-lərdə Tofiq Qasımovun guya təzyiq altında Emil Məmmədova böhtan atması, sonuncuya qarşı ifadə verdikdən sonra ona vəd olunmuş azadlığın əvəzinə həbs olunması barədə yazılanların, məsələnin zorla siyasiləşdirilməsinin heç bir hüquqi əsası yoxdur. Bir daha xatırladıram ki, burada söhbət yalnız konkret şəxslərin törətdikləri cinayət xarakterli əməldən gedir».