Polşa Seçki Şurasının internet saytında bu gün səhər saatlarında verilən açıqlamaya görə, müxalifətin namizədi Navrocki 50,89 faiz səslə birinci olub. Tşaskovski 49,11 faiz səs toplayıb. Dünən seçki bitdikdən və ilk nəticələr gəlməyə başlayandan sonra hər iki namizəd qələbəni elan etmişdi.
***
“İpsos”un Polşa televiziyası üçün dərc etdiyi “exit-poll” nəticələrinə görə, hər iki namizəd səslərin 50 faizinə çox yaxın olacaqdı. İki namizəd başa-baş görünsə də, ilkin nəticələr Navrockinin üstünlüyünü göstərdi.
Səslərin cəmi 6 faizinin hesablanması ilə Navroçki 50,6 faizdən 49,4 faizə kimi görünən rəqibi Tşaskovski üzərində kiçik fərqlə də olsa, yarışda lider idi.
Navrocki qələbəsini elan edən bir çıxış edərək, "Bu axşam qalib gələcəyik. Biz qalib gələcəyik və Polşanı xilas edəcəyik", – deyib.
Tşaskovski də qələbəsini elan edərək, "Bu, Polşa üçün tarixi bir məqamdır. Mən bütün Polşa qadın və kişilərinin prezidenti olacağam", – deyib.
Polşada keçirilən prezident seçkilərində seçici fəallığının 71,7 faiz olduğu açıqlanıb.
***
Prezident seçkilərinin ikinci turu Polşada baş nazir Donald Tusk hökuməti ilə müxalifət arasında, xüsusilə də Avropa Birliyi (AB) münasibətləri, məhkəmə islahatları, abort qanunları və Rusiya-Ukrayna müharibəsi kimi məsələlər ətrafında ziddiyyətlərin kölgəsində keçirilib.
Bu seçki namizədlərin siyasi mövqelərinə görə bəzi analitiklər tərəfindən “sivilizasiyaların toqquşması” adlandırılıb.
Seçkilərin nəticələri ölkənin AB-dəki mövqeyi üçün də mühüm əhəmiyyət kəsb edirdi.
Bu seçkinin nəticəsi ilə Polşanın ya AB-dəki yerini gücləndirəcəyi, ya da daha çətin proseslərə qayıdacağı şərh edilirdi.