Vaxt.Az

“Tələsmək lazımdır”


 

Almaniyalı generaldan Rusiya xəbərdarlığı: “NATO 2029-cu ilə qədər hazır olmalıdır”

“Tələsmək lazımdır” Almaniya Baş Qərargah rəisi Karsten Breyer İngiltərə mətbuatına verdiyi müsahibədə dünya gündəminə dair qiymətləndirmələr edib. BBC-yə danışan Breyer bildirib ki, NATO üzvləri 4 il ərzində Rusiyadan gələcək hücuma hazırlaşmalıdırlar.

BBC-nin məlumatına görə, Rusiyanın ildə yüzlərlə tank istehsal etdiyini deyən alman general Rusiyanın bu tankların çoxundan 2029-cu ilə qədər və ya daha əvvəl NATO-nun Baltikyanı ölkələrinə hücum etmək üçün istifadə edə biləcəyini bildirib.

***

Breyer həm Macarıstan, həm də Slovakiyanın fikir ayrılıqlarına baxmayaraq, NATO-nun Rusiya-Ukrayna müharibəsində “birləşdiyini” bildirib.

Sinqapurda keçirilən “Şanqri-La Dialoq” müdafiə sammiti çərçivəsində çıxış edən Almaniya Baş Qərargah rəisi Rusiyanın NATO üçün “çox böyük təhlükə” yaratdığını bildirib və əlavə edib ki, bu, onun 40 illik karyerasında gördüyü hər şeydən daha böyük təhlükədir.

***

Breyerin sözlərinə görə, Rusiya da hər il təxminən 1500 tank istehsal edərək hərbi qüvvələrini “çox əhəmiyyətli dərəcədə” gücləndirir: “Bütün tanklar Ukraynada müharibəyə getmir. Onlar ya anbarlara və ya da Qərblə qarşı hazırlanan yeni hərbi strukturlara göndərilir”.

General Breyer onu da qeyd edib ki, Rusiya 2024-cü ilə qədər 4 milyon 152 mm-lik artilleriya sursatları istehsal edib, bunların hamısı Ukrayna müharibəsinə göndərilməyib.

***

Rusiyanın Baltikyanı ölkələrə mümkün hücumuna işarə edən Breyer, “Burada bir niyyət, ehtiyatların gücləndirilməsi məsələsi var”, – deyib.

Analitiklərin də 2029-cu illə bağlı proqnozlar verdiyini iddia edən alman rəsmi, “Ona görə də 2029-cu ilə qədər hazır olmalıyıq. Məndən “2029-dan əvvəl bunun olmayacağına zəmanət varmı?” deyə soruşsanız, cavabım “Xeyr” olacaq. Yəni bu gecə mübarizə apara bilməliyik”, – deyib.

***

Breyerin sözlərinə görə, Litva, Polşa, Rusiya və Belarusla həmsərhəd olan Suvalki dəhlizi bölgəsi mümkün hücuma ən həssas bölgələrdən biridir. Baltikyanı ölkələrin həqiqətən rusların təhdidinə məruz qaldığını deyən rəsmi, “Oraya gedəndə bunu həqiqətən hiss edirsən... Orada apardığımız söhbətlərdə biz bunu hiss edirik”, – deyib.

“Estoniyalıların özlərini meşə yanğınında hiss etdiklərini”, – deyən rəsmi, “Almaniyadan baxanda isə bu üfüqdə bir az tüstü kimi görünür”.

Baltik dənizinin altından kabellərə edilən hücumları, Avropada ictimai nəqliyyata edilən kiberhücumları, Almaniyada elektrik stansiyaları və digər infrastrukturlar üzərində görünən mənşəyi naməlum dronları xatırladan Breyer, NATO üzvlərinin ordularını yenidən qurması lazım olduğunu vurğulayıb.

Finlandiya və İsveçin Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra NATO-ya üzv olduqlarını xatırladan Breyer, “Hamısı bunun NATO-ya yaxınlaşdığını, kollektiv müdafiə istiqamətində çəkindirici bir istiqamət inkişaf etdirməmiz lazım olduğunu anlayır. Bu, hər kəsə aydındır. Tələsmək lazımdır”, – deyib.

 





02.06.2025    çap et  çap et