Məsələ ondadır ki, «Rusiya Federasiyası
vətəndaşlarının vətənpərvər ruhda tərbiyəsi üçün 2011-2015-ci illər üzrə Dövlət
Proqramı»nda (Государственная программа «Патриотическое воспитание граждан
Российской Федерации на 2011 - 2015 годы») nəzərdə tutulan tədbirlərdən biri də
gənclərə Georgiyev lentinin paylanmasıdır. Amma diqqət edin: Rusiya
vətəndaşlarının.
Bir qədər əvvələ baxsaq, «Georgiyev
lenti»nin paylanması 2005-ci ildən başlayaraq Böyük Vətən Müharibəsində
qələbəni xatırlamaq məqsədilə həyata keçirilir. Bu ənənə Rusiya Tələbələr
İcması və RİA Novosti Agentliyinin təşəbbüsü ilə başlanılıb. «Vikipedia»nın
məlumatına görə, 6 ildə 30-dan çox ölkədə 50 milyondan artıq lent paylanıb ki,
həmin ölkələrin arasında Azərbaycan da var.
Əlbəttə, bizim Qələbədə payımız var və
bunun anılması yaxşıdır. Amma əgər Georgiyev lentinin özünün məna və mahiyyəti
dəyişibsə, o, Rusiya vətənpərvərliyinin simvoluna çevrilibsə, hansı məntiqlə
Azərbaycanda paylanılmalıdır?
Ona görə də, 2011-ci ilə qədər bunu
anlamaq olardı. Amma 2011-ci ildə , «Rusiya Federasiyası vətəndaşlarının
vətənpərvər ruhda tərbiyəsi üçün 2011-2015-ci illər üzrə Dövlət Proqramı» qəbul
olunandan sonra anlamaq mümkün deyil.
Georgiyev lenti - Müqəddəs Georgi
Ordeni, Georgi xaçı, Georgi medalına əlavə edilən lentdir. Onu həmçinin Georgi
bayrağı ilə təltif olunmuş gəmilərin matrosları da daşıyırdılar. 1769-cu ildə
imperatriça II Yekatrina tərəfindən təsis olunub. Məqsəd 1768-1774-cü illərdə
Rusiya-Türkiyə Savaşında (!) qəhrəmanlıq göstərənləri təltif etmək idi. Rusiya
üçün qəhrəmancasına savaşan əsgərlərə verilən mükafatlar onun üzərinə
vurularaq, təqdim olunurmuş. Həmin zamanlardan başlayaraq, lentin standartı
belədir - 3 qara, 2 narıncı xətt. 1917-ci ildən sonra heç bir sovet mükafatında
istifadə olunmayıb, çünki imperiya ödülü sayılırdı. Ona görə, 2011-ci ildən
bəzi MDB ölkələrində - məsələn, Belorusda bu lent qadağan olunub.
Aydındır ki, Bakıda Georgiyev lentlərinin paylanmasını Rusiya Səfirliyi təşkil edə bilərdi, çünki bu aksiyanın arxasında Rusiyanın rəsmi qurumlarının dayandığı açıqdır. Amma hazırkı anlamı ilə Rusiyanın gələcək qələbələrinin simvolu sayılan bu lent Azərbaycanda paylana bilməz. Biz öz veteranlarımızı və II Dünya Müharibəsində iştirak etmiş babalarımızı yada salmağı bacarır və bunun yollarını bilirik. Bunun üçün Rusiyadan gələn hansısa lentə isə ehtiyacımız yoxdur. Xüsusilə də əgər həmin lent hazırkı reallıqda tamam başqa bir simvola çevrilibsə.