Bakı Enerji Həftəsi dünyanın aparıcı enerji şirkətlərinin rəhbərlərin, dövlət rəsmilərinin, beyin mərkəzlərinin əməkdaşlarının qatıldığı mühüm platformaya çevrilib. Bu məlumatların bölüşdürülməsi, potensialın təqdim olunması və çağırışların müzakirəsi üçün ciddi bir imkandır.
Enerji həftəsi çərçivəsində keçirilən tədbirlər, sessiyalar qlobal enerji məsələlərinin müzakirəsinə imkanlar yaradır. Enerji sahəsində dövlət-özəl əməkdaşlığının gücləndirilməsi, yeni ideyaların müzakirəsi bu sahədə real və səmərəli addımların atılmasına gətirib çıxaracaq ki, bu, innovasiya və texnologiyaların təyinatı baxımından da vacibdir.
Yaxın illərdə Azərbaycan Avropa Birliyinə yaşıl enerji ixracı həyata keçirəcək. Bu enerji keçidi çərçivəsində ölkəmizdə həyata keçirilən fəaliyyətlərin nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan böyük günəş və külək enerjisi potensialı regionun enerji təhlükəsizliyinin formalaşmasına yaxından dəstək olacaq.
Enerji sahəsində ən vacib məqamlardan biri innovativ dəyişikliklərdir. Bakı Enerji Həftəsi yeni texnologiyalarının şirkətlər tərəfindən təqdim edilməsi və bu sahədə dördüncü sənaye inqilabının nəticələrinin müzakirəsinə də imkan yaradır. Bu baxımdan Bakı Enerji Həftəsi regional və qlobal əhəmiyyət daşımaqla yanaşı, Azərbaycanın bu sahədəki potensial və imkanlarının təqdim olunması üçün önəmli rol oynayır.