Ekosistemin tanınmış nümayəndələrindən olan Məmməd Kərimov da Fonda rəhbər təyin edilib. Vençur qanunvericiliyin olmadığı bir şəraitdə RİNN-in o zaman belə bir addım atması uğurlu bir nəticə idi.
Amma hələlik gözləntilər özünü doğrultmayıb.
Son zamanlar bu vençur fondu ilə bağlı narazılıqlar yenidən baş qaldırıb. Ona görə yenidən yazıram ki, ümumiyyətlə bu Fond yaranandan şəffaflıqla və öncədən elan edilən prinsiplərlə bağlı problemlər zaman-zaman qabarırdı. O zaman bu Fond yarananda əsas məqsədin yerli startaplara dəstək verəcəyi qeyd edilirdi.
Son zamanlarda baş qaldıran narazılıqları mahiyyəti üzrə ədalətli olduğunu düşünürəm.
Görünən odur ki, Fond əsasən xaricdə qeydiyyatdan keçmiş startaplara (indiyədək cəmi 23 startap) yatırım edib. İctimaiyyətə yalnız hansı startaplara yatırım edildiyi bildirilir – nə qədər yatırım edildiyi, hansı şərtlərlə və hansı meyarlarla seçildiyi açıqlanmır.
Ən azı dövlət maliyyəsi olan hissə üçün bu informasiyalar ictimaiyyətlə bölüşülməlidir. Çünki bu Fond birbaşa dövlət vəsaiti ilə formalaşdırılıb və ictimai nəzarətə açıq olmalıdır. Fondda özəllər də olduğundan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) bu tip açıqlamaların sərhədlərini müəyyən etməlidir.
Üstəlik, fondun rəsmi saytında Azərbaycan dili versiyası qoyulmalıdır, hesabatlar yerləşdirilməlidir, normal əlaqə imkanları yaradılmalıdır. İndiki reallıq odur ki, fondda yerli ekosistem və icma ilə real əlaqə hədsiz zəifdir.
Görünən odur ki, yerli startap ekosistemində olan startaplar, gənc təşəbbüskarlar, texnoloji sahibkarlar bu vəziyyətdən narazıdır. Onların fonddan yararlanmaq imkanları ya çox məhduddur, ya da meyarlar qeyri-şəffafdır.
Ümid edilir ki, son zamanlar fəaliyyətini xeyli canlandıran İRİA-nın yeni rəhbərliyi Fondun fəaliyyətinin yenidən qurulmasına, hesabatlılığına və şəfaflığına diqqəti artıracaq.
Bu yaxınlarda ümumiyyətlə vençur maliyyələşmə ilə bağlı müazkirələrin keçirilməsi də nəzərdə tutulub.
Yeri gəlmişkən, on illərdir ki, müzakirə olunan vençur maliyyələşmə ilə bağlı qanun layihəsi də indiyədək qəbul edilməyib. Halbiki, ölkədə startap hərəkatını yeni başlayanda, 2013-cü ildə bu təklifi hökumətə verilmişdi.
Sektorun səlahiyyətli qurumlarında, RİNN-də, ASAN-da və KOBİA-da əvvəllər bu qanun layihəsinin müxtəlif versiyalarının olduğu bildirilsə də, məlum olmayan səbəblərdən 10 il ərzində bu 7 bəndlik qanunu qəbul etmək mümkün olmayıb. Beynəlxalq hesabatlarda da Azərbaycanda məhz bu sahədə ekosistemdə ciddi problemlərin olduğu qeyd olunur.
Qonşu ölkələrdə isə hərəsində ən azı onlarla bu tip vençur fondlar var və müşahidələr onu göstərir ki, onlar hər il toplam yüz milyonlarla yerli startaplara dəstək verirlər.
Bizim “Caucasus Ventures” isə 4 ildə cəmi 1 milyon investisiya edib.