Qərb mətbuatının Rusiyanın strateji bombardman təyyarələrinin saxlandığı aeroportlara Ukrayna tərəfindən genişmiqyaslı hücumlarının təşkil edilməsini “ikinci Pörl-Harbor”, TIR-larda gizlədilərək Ukraynadan 2 min kilometr uzaqlıqda yerləşən Sibirə aparılan çoxlu sayda dronlar vasitəsilə 40-dan çox strateji qırıcıların məhv edilməsini “ikinci Troya” adlandırması sadəcə tarixin təkrar olunması deyil. Bu, həm də ədalətin təntənəsidir.
Bəli, Ukraynanın bu addımı ilk növbədə Rusiyanın raket hücumlarına cavabdır.
Ukrayna bununla eyni zamanda, İblis rolunda (və ya müharibə allahı obrazında) çıxış edən Putinə ciddi mesaj verdi və onu müharibəni dayandırmağa, danışıqlar masasına əyləşməyə dəvət etdi. Çünki Putin güc dilindən başqa bir dil anlamır. Onu yalnız bu cür sərt üsullarla sülhə məcbur etmək olar.
Lakin çox təəssüf ki, Ukraynanın əks cavab zərbələrinə Rusiya tərəfindən adekvat reaksiya yoxdur. İsterika rusların olub-bitən ağlını da lap kütləşdirib. Putindən də betər manyaklaşmış, zombiləşmiş rusiyalı ekspertlər, tv-aparıcılar, deputatlar, blogerlər Kremli müharibəni təcili dayandırmağa çağırmaq əvəzinə, Ukraynanın dron hücumuna cavab olaraq Moskvanı İstanbul danışıqlarına qatılmamağa və nüvə silahından istifadə etməyə çağırırlar.
Rus yazıçısı və diplomatı A.S.Qriboyedovun məşhur “Ağıldan bəla” ifadəsi, bax, bu yerdə yada düşür. Rus ağlı artıq təkcə rusların özüyçün deyil, bütün bəşəriyyət üçün real təhlükəyə, bəlaya çevrilir.